Kanadada artan ev və avtomobil oğurluğuna qarşı polisdən fərqli bir təklif irəli sürülüb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Polisin verdiyi “Evdə hücuma məruz qalmamaq üçün avtomobilin açarlarını ön qapıda qoy” tövsiyəsi sosial mediada lağ mövzusuna çevrilib.
Kanadanın Toronto şəhərində ev və avtomobil oğurluqları artdığı zaman Etobicoke-də təhlükəsizlik toplantısı keçirilib. Bu görüşdə polis məmuru Marco Ricciardi vətəndaşlara ev oğurluğu ilə üz-üzə gəlməmək üçün açarlarını tapa biləcəkləri yerdə saxlamağı təklif edib:
“Öz evinizdə hücuma məruz qalmaq istəmirsinizsə, açarlarınızı ön qapıda saxlayın, çünki onlar sizin avtomobilinizi oğurlamaq üçün evinizə soxulurlar, başqa heç nə istəmirlər. Onların əksəriyyətində əsl silah var və güllə yüklüdür, bunlar oyuncaq deyil”.
Bu sözlər sosial şəbəkədə əksini tapanda çoxlu sayda insan polisə reaksiya verib.
Minlərlə paylaşımda qəzəbli ifadələr işlədilib.
Çərşənbə günü rəsmi açıqlamada Toronto polisi məmurun mübahisəli məsləhətindən kənar tədbirlər görülə biləcəyini vurğulayıb. Mümkünsə avtomobillərin qarajda saxlanması, təhlükəsizlik kamerası dəstəyi, tətilə gedərkən sosial mediada elan edilməməsi kimi tədbirlər sıralanıb.
Statistikalar göstərir ki, Böyük Toronto bölgəsində avtomobil oğurluğu 2023-cü ildə əvvəlki illə müqayisədə 25 faiz artacaq. Bundan əlavə, bu dövrdə ev oğurluqlarının artması 400 faizə çatıb.