“Təəssüf doğurur ki, özünə müsəlman-şiə dövləti deyən, adında İslam adı olan bir ölkə bu cür işlərlə məşğuldur”.
Bu sözləri Yenicag.az-la söhbətində hərbi ekspert Emin Həsənli deyib.
Mütəxəssis dünən Tehran-İrəvan reysi ilə 4 təyyarənin Ermənistanın paytaxtına uçması faktından, habelə İranın tranzit dövlət kimi Hindistan silahları ilə Ermənistanı təmin etməsindən söz açıb.
Hərbi ekspert tarixə ekskurs edərək söyləyib ki, Birinci Qarabağ müharibəsi dövründə də İran Ermənistana dəstək olub, onu silahlandırıb.
“Əgər İranın dəstəyi olmasaydı, Ermənistanın nəfəsliyi kəsilərdi, çünki çox zaman Gürcüstan bu yolu bağlayır, Türkiyə isə məlum məsələlərə görə sərhədi 1993-cü ildə qapadıb. İkinci Qarabağ müharibəsi dövründə də Qazaxıstan, Türkmənistan və İran üzərindən Rusiya Ermənistana silahlar daşıyırdı ki, bu da Azərbaycana məlum idi. İndi də İran Hindistanın silahlarını daşıyır, bundan başqa, özü də texnika verir, ərzaq yardımları olub və s. Yəni bütün yardımların böyük hissəsi İran üzərindən Ermənistana daşınıb”, – deyə o bildirib.
Analitik diqqətə çatdırıb ki, İran Qərbi və ABŞ-ni özünün ən böyük düşməni hesab edir:
“Dünən Aİ-də böyük bir görüş keçirildi və ABŞ-nin dövlət katibi bəyan etdi ki, Ermənistana yardımlar ediləcək. Bundan başqa, ABŞ Ermənistanda tez-tez hərbi təlimlər keçirilir, ABŞ-nin ən böyük səfirliyi Ermənistandadır. Belə olan məqamda, İran nəyi hesablayır? Əgər ABŞ İranla düşməndirsə, ABŞ İranın burnunun dibinə o qədər ordu yığmaq və Rusiyanı bölgədən çıxarmaq istəyir.
Bunlar onu göstərir ki, İranın reallıqda ən çox qorxduğu ölkələrdən biri Azərbaycandır ki, Azərbaycan möhkəmlənməsin. Çünki cənubda yaşayan 40 milyon azərbaycanlının nə dili, nə də məktəbləri var. Amma 1 milyonluq erməninin orada məktəbi, universiteti və kilsəsi var ki, hər şeylə təmin olunublar. Lakin farslardan çox olan azərbaycanlıların elementar hüquqları yoxdur. Baş verən çox təəssüf hissi doğurur, ancaq İran Azərbaycan və Türkiyənin güclənməsindən ehtiyat edir. Maraqlıdır ki, xristian dövlətlərinin və ona qarşı olan qüvvələrinin güc sahibi olması, nədənsə, İranı narahat etmir. Bu da onu sübuta yetirir ki, bu dövlətlərin əlində alət olan ölkələrdən biri də İrandır”.
“O ki qaldı Ermənistanın silahlanmasına, onlar 30 il silahlansalar belə, nə Qarabağı özlərinə birləşdirə, nə də separatçı rejimi tanıya bildi. Aldığı silahlar da Hərbi Qənimətlər Parkındadır. Belə getsə, Bakıda ikinci Qənimətlər Parkı açılacaq. Ermənistan ağlını başına yığsın, çünki bu nazla çox oynanılmayacaq. Çünki 44 günlük müharibədə biz dayandıq, Ermənistan hakimiyyəti Qarabağdakı separatçıları təmizləmədi, ona görə də Azərbaycan qətnamənin şərtlərini özü yerinə yetirdi. İndi də Ermənistan 8 kəndi qaytarmasa, ərazi iddiasından əl çəkməsə, Zəngəzur dəhlizi açmasa və normal münasibətlər qurmasa, Ermənistanın mövcudluğu sual altında qalacaq. Çünki sonsuza qədər bu cür davam edə bilməz” – deyə E. Həsənli yekunlaşdırıb.
interpress.az