Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə ilə dünyaya vacib mesajlar ötürdü.
Həm qərb, həm də digər qonşu dövlətlərə yönəlik bu mesajlarda daha çox diqqət çəkən məqam hazırkı dünya düzəni və gələcəklə bağlı narahatlıqların ifadə edilməsi idi. Həm haqlı, həm güclü tərəf olması üstünlüyünü açıq şəkildə ortaya qoyan prezident İlham Əliyev müsahibə boyunca hər kəsi maraqlandıran, hətta dost olmayanların belə reaksiya gözlədiyi məsələlər üzrə açıq və beynəlxalq hüquqa əsaslanan mövqe nümayiş etdirmiş oldu.
Prezident qeyd etdi ki, beynəlxalq hüquq artıq işlənməz hala gəlib və bu şəraitdə ölkələr daha çox öz daxili resurslarına arxalanmalıdır. Artıq dünya nizamsızlığa doğru yol alıb. Beynəlxalq ictimaiyyətin istifadə edəcəyi qarşılıqlı əlaqə konfiqurasiyası bəlli deyil. Yaxşı olar ki, hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırsın.
Çağdaş geopolitik durumdan irəli gələn nəticənin bizim praktikamızda konkret örnəyi olduğunu qeyd edən ölkə başçısı Azərbaycanın bu yanaşma ilə dünyada böyük nüfuz qazandığını vurğulayaraq beynəlxalq təşkilatların get-gedə zəiflədiyini və ikitərəfli münasibətlərin ön plana çıxdığına da diqqət çəkdi.
Azərbaycan prezidentinin yaxın illərdə dünyada sabitliyin bərqərar olacağına nikbin baxmadığını açıq ifadə etməsi onun bir daha populizmdən uzaq bir siyasətçi olduğunu göstərdi ki, bu da müasir dünyada bir çoxları üçün örnək ola bilər. Hadisələrə realist yanaşan ölkə başçısı hələ də münaqişələrin davam etdiyini və hətta sülh müqavilələri olmadan atəşkəsin dayanıqlı olmadığını vurğuladı.
Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki gərginliklər fonunda Azərbaycan Prezidentinin ölkələrin yalnız öz güclərinə arxalanmalı olduqlarını diqqət çəkməsi, xarici yardımlara bel bağlamağın suverenlik üçün risklər yaratdığını bildirməsi əsl diplomatik nəsihət idi. Azərbaycanın öz ərazi bütövlüyünü məhz bu prinsiplə özünün bərpa etməsi bu nəsihətin gerçəkliyə dayandığının təsdiqidir.
Müsahibəsində Azərbaycanın öz daxili gücünə arxalanması mesajını verərək Qarabağda əldə olunan Zəfərə də toxunan Müzəffər Ali Baş Komandan qeyd etdi ki, dünyada münaqişələrin artığı bir dönəmdə təkcə Qarabağ münaqişəsi öz həllini tapdı. Özünün də dediyi kimi: “Biz qlobal nizamı olduqca düzgün qiymətləndirirdik. Milli maraqlarımız məsələsində biz heç kəsə və ya heç bir təsisata arxalanmamışıq”. Bunu dövlət başçımız Azərbaycanın üzləşdiyi ədalətsizliyə və acı təcrübəyə söykənərək dilə gətirdi. Həm də dünyaya, bizi sevməyənlərə Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü təkbaşına bərpa etmək aspektində nə qədər uğurlu olduğunu bəyan etdi. Bu, milli maraqlara arxalanan liderin gələcəyə əminliyinin parlaq ifadəsi idi. Məhz milli iradəyə və xalq gücünə söykən lider olaraq İlhham Əliyev bu müsahibəsində dünyanın gələcəyi ilə bağlı ciddi mesajlar verməklə yanaşı, həm də qlobal diplomatik müstəvidə çoxlarına dərs keçmiş oldu.
Prezidentin müsahibə boyu fikirlərində yenə də əsas ana xətt o idi ki, Azərbaycan cəmiyyətinin düşünən kəsimi, siyasi elitamız dövlətin və xalqın maraqlarının müdafiəsində gərək yekdil olsunlar, həmahəng fəaliyyət göstərsinlər. Azərbaycan ərazi bütövlüyünü, suverenliyini ona görə tam bərpa etməyib ki, kimlərsə yuxarıdan boylanıb bizə yol göstərsinlər, eləcə də aldadaraq yanlış istiqamətə sövq etsinlər. Xeyr, bu baş tutmayacaq. Bizim yolumuz aydın, hədəflərimiz bəllidir!