Bakı Dövlət Universitetində tələbələrin şəxsi inkişafına və peşəkar karyera quruculuğuna dəstək məqsədilə “Şəxsi inkişaf və karyera fürsətləri: GİKM haqqında məlumat sessiyası” baş tutub.
Tədbir çərçivəsində ilk olaraq, BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov açılış nitqi ilə çıxış edərək, gənclərin inkişafı istiqamətində həyata keçirilən təşəbbüslərin əhəmiyyətini vurğulayıb.
Daha sonra Gənclərin İnkişaf və Karyera Mərkəzinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Könül Abdulrəşidova Azərbaycan Respublikasının Gənclər Fondu, eləcə də GİKM-in fəaliyyəti və təqdim etdiyi imkanlar barədə tələbələrə ətraflı məlumat verib. İnfosessiyada GİKM-in həyata keçirdiyi layihələr, təlim, ödənişsiz təqaüd və təcrübə proqramları, regional nümayəndəliklərin fəaliyyəti iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirin davamında Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev “Şəxsi inkişaf və karyera fürsətləri” mövzusunda çıxış edib, ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasəti və bu çərçivədə dövlətin gənclər üçün yaratdığı təhsil, məşğulluq, könüllülük və şəxsi inkişaf imkanları barədə məlumat verib. Eləcə də uğurlu karyera yolunda atılmalı addımlar, şəxsi potensialın inkişafı ilə bağlı təcrübələrini bölüşüb.
Sessiyanın sonunda tələbələrin sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.
Bu kimi tədbirlər gənclərin fərdi və peşəkar inkişafına töhfə verməklə yanaşı, onların əmək bazarına daha hazırlıqlı şəkildə daxil olmalarına dəstək göstərir.