Si Çinpin ABŞ-yə qarşı yeni Asiya alyansı yaradır.
İnterpress.az xəbər verir ki, bu həftə Çin lideri Si Çinpin ABŞ ilə gömrük mübahisəsini qonşularla müzakirə etmək üçün Asiya ölkələrinə səfər edib.
Qeyd edək ki, Donald Tramp yeni ticarət siyasətinin bir hissəsi olaraq Malayziyaya 24%, Kambocaya 49%, Vyetnama 46% və Çinə 145% tariflər tətbiq edib.
Belə ki, Malayziyaya səfəri zamanı Si ticarət əlaqələrini genişləndirməyə və Çin bazarlarına çıxışı yaxşılaşdırmağa söz verib.
O, ABŞ-nin davranışlarına cavab olaraq yeni ittifaqların qurulmasının vacibliyini vurğulayıb.
“Dünya düzənindəki sarsıntılar və iqtisadi qloballaşma qarşısında Çin və Malayziya region ölkələri ilə birlikdə olacaq. Biz birlikdə Asiya ailəmizin parlaq gələcəyini qoruyub saxlayacağıq”, – deyə Si bildirib.
Malayziyanın baş naziri Ənvər İbrahim də ABŞ-ni tənqid edib.
“Bu gün gördüyümüz iqtisadi qəbiləçiliyə geri çəkilməkdir. Bazara çıxış silaha çevrilir. Bu çətin dövrlərdə dünya ardıcıllıq, etibarlılıq və ümumi məqsədə can atır. Biz bunu Çinin davranışında görürük”, – İbrahim bildirib.
Si artıq həftənin əvvəlində Vyetnamın paytaxtı Hanoyda dayanmışdı. Orada o, Vyetnamla süni intellekt, 5G və kənd təsərrüfatı ticarəti də daxil olmaqla onlarla yeni ticarət müqaviləsi imzalayıb.
Tərəflər ölkələri birləşdirəcək dəmir yolunun tikintisi ilə bağlı birgə layihəni də açıqlayıblar. Si Cinpinin növbəti dayanacağı Kamboca olacaq.
ABŞ Vyetnam, Malayziya və Kamboca kimi Cənub-Şərqi Asiya ölkələri üçün mühüm ticarət tərəfdaşı olaraq qalır.
Bu asılılığa görə bu ölkələr həmişə ABŞ və Çin arasındakı münaqişədə tərəf tutmamağa çalışıblar.
Bununla belə, Çinlə yeni razılaşmalar gələcəkdə Pekinlə daha sıx münasibətlərə işarə edə bilər.
Xuraman Etibarlı
İnterpress.az