ABŞ-də gələcək körpəsində Daun sindromu aşkarlandığı üçün abort edən bloqer ölüm hədələri alır.
İnterpress.az xəbər verir ki, bu barədə “TMZ” məlumat yayıb.
“McJuggerNuggets” təxəllüsü ilə tanınan amerikalı məşhur yutuber Cessi Ricvey və həyat yoldaşı Eşli gələcək körpələrində Daun sindromu aşkar edildikdən sonra hamiləliyi sonlandırmaq (abort) qərarına gəliblər.
Bloqerin sözlərinə görə, cütlük bu qərarı verməzdən əvvəl həkimlər, genetiklər, qohumlar və bu cür uşaqları böyüdən ailələrlə məsləhətləşiblər.
Nəticədə onlar gələcəkdə yarana biləcək ağır fəsadlara və ömürlük qayğı məsuliyyətinə hazır olmadıqlarını anlayaraq bu çətin addımı atıblar.
Lakin öz hekayələrini sosial şəbəkədə paylaşdıqdan sonra cütlük kəskin tənqid və nifrət dalğası ilə qarşılaşıb. Onlar uşaq qatilliyində, ayrı-seçkilikdə və yevgenikada ittiham olunublar.
Qalmaqal böyüdükcə bloqer və həyat yoldaşına ünvanlanan çoxsaylı ölüm hədələri gəlməyə başlayıb.
Vəziyyət o dərəcədə ciddiləşib ki, cütlük təhlükəsizlik məqsədilə evlərinin ətrafına qoruyucu darvaza quraşdırıb və hər ehtimala qarşı yaxınlıqda odlu silah saxlayaraq yatmalı olduqlarını bildiriblər.
Xuraman Etibarlı
İnterpress.az






