“Kızılcık Şerbeti” serialının ulduzu Ece İrtemin ölüm səbəbi barədə iddialar səsləndirilib.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
“Kızılcık Şerbeti” (Qızılcıq şərbəti) və “Aile” (Ailə) kimi populyar Türkiyə seriallarının məşhur ulduzu Ece İrtem 35 yaşında qəfil vəfat edib.
Sənətçinin ölümünün onun 35 illik yubileyini qeyd etdiyi gün spirtli içki ilə birlikdə ağır antidepressant dərmanlar qəbul etməsindən sonra baş verdiyi iddia olunur.
Aktrisanın anasının verdiyi ifadəyə görə, faciədən bir gün əvvəl onlar restoranda ad gününü qeyd ediblər və Ece orada çoxlu alkoqol qəbul edib.
Evə qayıtdıqdan sonra qızını yatıran ana, növbəti gün səhər saatlarında onu otağında cansız vəziyyətdə tapıb.
Lakin İrtem ailəsinin vəkili türk jurnalistlərinə verdiyi açıqlamada bu iddiaları rədd edib. Vəkil bildirib ki, aktrisanın ölümünün dəqiq səbəbini söyləmək hələ tezdir və bunun üçün Məhkəmə Tibb İnstitutunun otopsi (yarılma) hesabatının nəticələrini gözləmək lazımdır.
İlkin rəsmi ehtimallara görə, gənc aktrisa qəfil infarkt nəticəsində dünyasını dəyişib. Ece İrtemin vaxtsız vəfatı Türkiyə kino dünyasında və pərəstişkarları arasında böyük kədər yaradıb.
Aktrisanın cənazəsinin Aydın şəhərinin Quşadası rayonunda torpağa tapşırılacağı bildirilir.
Xuraman Etibarlı
İnterpress.az






