Türk dövlətlərinin televiziyalarında filmlərin dublyajsız yayımı vacibdir.
İnterpress.az xəbər verir ki, bunu Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlı Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin ikinci günündə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Türk dünyasının ən böyük gücü onun ortaq mənəvi dəyərləri, zəngin mədəni irsi və sərhəd tanımayan birlik ruhudur:
“Dövlət başçıları səviyyəsində ortaq dil, ortaq təfəkkür siyasəti aparılır. Ancaq bəzən içimizdəki düşmənlərin bu anlayışa qarşı çıxdıqlarını görürük. İstər məişət, istər elmi, istərsə də digər bütün müstəvilərdə türk birliyi, türk vahidliyi anlayışının təbliğatı aparılmalıdır. Türk dövlətlərinin televiziyalarında bir-birilərinin filmləri dublyaj edilmədən təqdim olunmalıdır. Çünki biz bir-birimizi başa düşürüksə, niyə tərcümə edək? Buna nə ehtiyac var?”
Sabir Rüstəmxanlı çıxışında həmçinin bildirib ki, türkologiya yalnız qədim türk mətnlərinin öyrənilməsi ilə məhdudlaşmamalıdır:
“Həmin mətnləri yaradan şairlər, yazıçılar və mütəfəkkirlərin irsi də eyni dərəcədə araşdırılmalıdır. Qədim ədəbi irslə yanaşı, müasir türk ədəbiyyatı da türkologiya tədqiqatlarının əsas istiqamətlərindən biri olmalıdır. Türk dünyasında yaradılan elmi əsərlər, aparılan araşdırmalar və keçirilən qurultaylar yazıçıların, şairlərin və ədəbiyyat adamlarının da diqqət mərkəzində olmalıdır”.”Report”






