Moskvada aeroportda rusiyalı sərnişinin baqajından 476 ədəd nadir tısbağa tapılıb.
İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Moskvanın “Domodedovo” hava limanında gömrük əməkdaşları tərəfindən baqajda 476 ədəd nadir Orta Asiya tısbağasının qanunsuz olaraq ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.
Məlumata görə, Tacikistandan gələn Rusiya vətəndaşı dəyəri 3 milyon rubldan (təxminən 69 132 manat) çox olan quru sürünənlərini qaçaqmalçılıq yolu ilə ölkəyə daxil etməyə çalışıb.
Şübhəli şəxs hava limanının “yaşıl dəhliz” keçidində əlində iki böyük qutu canlı yüklə hərəkət edərkən saxlanılıb. Onun tısbağaların ölkəyə idxalı üçün heç bir rəsmi və qanuni icazə sənədi olmayıb.
Saxlanılan şəxs dindirilmə zamanı tısbağaları internet mağazaları vasitəsilə pərakəndə satmağı planlaşdırdığını etiraf edib.
Mütəxəssislər qeyd edirlər ki, Orta Asiya çöl tısbağası nəsli kəsilmək təhlükəsi qarşısında olan vəhşi fauna və flora növləri beynəlxalq ticarəti haqqında Konvensiya (CITES) tərəfindən ciddi şəkildə qorunur.
Müsadirə edilən tısbağalar Moskva Zooparkının Nadir Heyvan Növlərinin Artırılması Mərkəzinə təhvil verilib.
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin “xüsusilə qiymətli vəhşi heyvanların qaçaqmalçılığı” maddəsi ilə cinayət işi açılıb.
Qanunsuz heyvan alverçisini 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Xuraman Etibarlı
İnterpress.az






