Dünyanın ən gözəl sözü bəlli olub.
İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Beynəlxalq dilçilər və mədəniyyət ekspertlərindən ibarət xüsusi münsiflər heyəti Yeni Zelandiyanın yerli maori xalqının dilində olan “kaytiakitanga” (kaitiakitanga) sözünü dünyanın ən gözəl sözü elan edib.
“Babbel” xarici dil öyrənmə platforması tərəfindən ilk dəfə keçirilən bu müsabiqədə 75-dən çox dildən 223 söz mübarizə aparıb.
“Kaytiakitanga” sözü insanın təbiət qarşısındakı məsuliyyətini, onu qorumaq və gələcək nəsillərə ötürmək missiyasını ifadə edir.
Maori fəlsəfəsinə görə, insan təbiətin sahibi deyil, onun ayrılmaz bir hissəsi və qoruyucusudur.
Qiymətləndirilmə zamanı sözlərin təkcə tələffüzü və səslənməsi deyil, həm də daşıdığı dərin məna və qlobal aktuallığı nəzərə alınıb.
Müsabiqənin digər finalçıları arasında portuqal dilindən “Saudade” (dərin həsrət), yapon dilindən “İkiqay” (həyatın mənası), uels dilindən “Hiraeth” (itirilmiş vətənə qarşı darıxmaq), zulu dilindən “Ubuntu” (insanpərvərlik və birlik) və idiş dilindən “Luftmensch” (xəyalpərəst, ideyalar dünyasında yaşayan insan) sözləri də yer alıb.
Xuraman Etibarlı
İnterpress.аz






