“Apple” yenidən dünyanın ən qiymətli şirkəti olub.
İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
“iPhone” istehsalçısı olan “Apple” şirkəti bazar kapitallaşmasına görə mikrosxem istehsalçısı “Nvidia”nı yenidən geridə qoyub.
“Apple”ın səhmlərinin birjada bir qədər bahalaşması nəticəsində şirkətin ümumi birja dəyəri təxminən 4,9 trilyon dollara (təxminən 8,33 trilyon manat) çatıb.
Hazırda “Nvidia”nın bazar kapitallaşması isə təxminən 4,8 trilyon dollar (təxminən 8,16 trilyon manat) ətrafında qiymətləndirilir.
Texnologiya sektorunun investorları süni intellekt və yarımkeçiricilər sahəsində fəaliyyət göstərən şirkətlərin səhmlərini sataraq yenidən “Apple”a üstünlük verirlər.
Hər iki nəhəng şirkətin birjadakı gələcək mövqeyi yaxın günlərdə açıqlanacaq rüblük hesabatlardan asılı olacaq.
Belə ki, “Apple” öz rüblük maliyyə göstəricilərini artıq iyulun 30-da, “Nvidia” isə yalnız avqustun 26-da təqdim edəcək.
Xuraman Etibarlı
İnterpress.аz






