Rusiya DİN sosial şəbəkələrdə şəxsi məlumatları, iş və yaşayış yerini paylaşmamaq barədə xəbərdarlıq edib.
İnterpress.аz xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara rəsmi müraciət edərək onları sosial şəbəkələrdə şəxsi məlumatları paylaşmamağa çağırıb.
Nazirliyin xəbərdarlığına görə, sosial platformalarda iş, təhsil və yaşayış yeri, həmçinin ailə və yaxın qohumlar barədə məlumatların açıq şəkildə yerləşdirilməsi ciddi təhlükə yaradır.
Dövlət qurumu həmçinin vətəndaşlara naməlum və yad şəxslərdən gələn şəxsi xarakterli suallara cavab verməməyi və sosial şəbəkə profillərini kənar şəxslər üçün qapalı (məxfi) saxlamağı ciddi şəkildə tövsiyə edib.
Təhlükəsizlik mütəxəssisləri bildirirlər ki, bu cür sadə qaydalara riayət edilməsi vətəndaşları onlayn fırıldaqçılardan, şəxsi məlumatların qanunsuz ələ keçirilməsindən və müxtəlif manipulyasiya sxemlərindən qorumaq üçün böyük əhəmiyyət kəsb edir.
Xuraman Etibarlı
İnterpress.аz






