Sabir Rüstəmxanlı və Türk dünyasının şair-yazarları məktəbli forması ilə bağlı müzakirələrə münasibət bildiriblər.
İnterpress.az xəbər verir ki, Türk dünyasının şair və yazarları Türkiyənin Kayseri şəhərində keçirilən II Talaş toplantısında bəyanat qəbul ediblər.
Bəyanatda Azərbaycanda vahid məktəbli geyiminin tətbiqi ilə bağlı son vaxtlar Türkiyə-Azərbaycan qardaşlığına uyğun olmayan bəzi fikir və açıqlamalar pislənilib, bu cür iddialara son qoyulması tələb edilib.
Bəyanatın müəllifi, tanınmış şair və yazıçı Sabir Rüstəmxanlı qeyd edib ki, türk dövlətlərinin birliyi, Türk Dövlətləri Təşkilatının yaradılması, dövlət başçılarının mütəmadi görüşləri və Türk dünyasının gələcəyi ilə bağlı mühüm qərarların qəbul edilməsi bəzi qüvvələri narahat edir.
Bəyanatda vurğulanıb ki, Türk Dövlətləri Təşkilatının yaradılmasında və möhkəmlənməsində Azərbaycan-Türkiyə qardaşlığı mühüm rol oynayıb. Azərbaycanda məktəblərdə vahid geyim formasının tətbiqinin bəhanə edilərək ölkənin İslamın düşməni və dini azadlıqları pozan dövlət kimi təqdim olunması reallığı əks etdirmir.
Sənəddə bildirilib ki, bu cür yanaşmalar iki qardaş ölkə arasında münasibətləri soyutmaqla yanaşı, Türk Dövlətləri Təşkilatının inkişafına mane olmaq məqsədi daşıya bilər.
Türk dünyasının birliyini tarixi fürsət və böyük xoşbəxtlik hesab edən şair və yazarlar Azərbaycan və Türkiyə liderlərinin məsələyə münasibət bildirəcəyinə, sosial şəbəkələrdə yayılan zərərli müzakirələrə son qoyulacağına ümid etdiklərini ifadə ediblər.
Bəyanat 16 oktyabr 2026-cı ildə Türkiyənin Kayseri şəhərində Sabir Rüstəmxanlının imzası ilə qəbul olunub.






