Çeçenistandan olan 30 hərbçi saxta yaralanma sənədləri ilə 90 milyon rubl əldə edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
İstintaqın versiyasına görə, Çeçenistandan olan 30 hərbçi 2022-ci ilin dekabrından 2024-cü ilin fevralınadək saxta hərbi hospital arayışları əsasında dövlət ödənişləri alıb.
Məlumata əsasən, hər bir hərbçiyə guya aldığı xəsarətə görə 3 milyon rubl (təxinən 63,3 min man)ödənilib.
Onlar əldə etdikləri vəsaitin yarısını dələduzluq sxeminin digər iştirakçılarına veriblər. Nəticədə dövlətə dəymiş ümumi zərər 90 milyon rubl (təxminən 1,9 milyon manat) məbləğində qiymətləndirilib.
Saxtakarlığın Xankala qəsəbəsində yerləşən 412 saylı hərbi hospitalın filialına aid saxta möhür və ştamplarla hazırlanmış arayışlar vasitəsilə həyata keçirildiyi bildirilir.
İstintaqın məlumatına görə, sənədləri Qroznı sakini Hüseyn Maqomadov hazırlayıb. O, sonradan xaricə qaçıb.
Hərbi hissənin kadrlar şöbəsinin müvəqqəti rəisi Ramzan Muzıqov isə istintaqla əməkdaşlıq barədə prokurorluqla məhkəməyədək razılaşma imzalayaraq sxemin iştirakçıları barədə məlumat verib.
Onun işi ayrıca icraata ayrılıb və icraatı dayandırılıb.
Xuraman Etibarlı






