Devalvasiyadan sonra yaranan dollar kreditləri problemi həll olunmadan qalmaqdadır. Dəfələrlə ekspertlər, hətta deputatlar təkliflər versələr də, hökumət və aidiyyəti qurumlar problemin həllində maraqlı görünmürlər.
Son olaraq bildirilir ki, millət vəkilləri Vahid Əhmədov və Əli Məsimlinin dollar kreditləri ilə bağlı Milli Məclisin sədrinə, Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisinə və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədrinə göndərdiyi təklif müzakirə olunacaq. Dollar kreditlərinə güzəşt edilməsi ilə bağlı prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Natiq Əmirovla görüş keçiriləcək. V.Əhmədov bildirib ki, dollar kreditləri ilə bağlı görüş keçiriləcək: “Bu məsələ birgə müzakirə olunacaq. Görüş bir qədər yubanır. Güman edirəm ki, görüş yaxın günlərdə baş tutacaq. Təbii ki, əsas müzakirə mövzusu dollar kreditlərinə güzəştlə bağlı olacaq”.
Ekspert Əkrəm Həsənov məsələ ilə bağlı bildirib ki, dollar kreditləri ilə bağlı güzəşt ediləcəyi real deyil: “Problemin müsbət yolla həllinə ümid azdır. Hökumətdən, aidiyyəti qurumlardan kömək olacağı gözlənilmir. Artıq yaydır, nə yayda, nə də ümumiyyətlə, ilin ikinci yarısında dollar kreditləri ilə bağlı yaranan problemin həll olunacağını gözləmirəm. Heç bir addım atılmayacaq. Çünki faktiki olaraq hökumət buna münasibətini bildirib ki, birmənalı olaraq dövlət bu sahədə kömək etməyəcək və güzəştlər əhaliyə banklar tərəfindən edilməlidir. Amma banklar da o güzəştləri etməyəcək. Çünki bank rəhbərləri ötən illərin gəlirlərini çoxdan çıxarıblar, dağıdıblar. Yəni buna görə bankların da bu dəqiqə həmin kreditlər üzrə güzəşt etmək ehtimalı yoxdur. Buna görə əhalinin yalnız bir yolu var ki, kütləvi şəkildə birləşərək banklara qarşı məhkəmə prosesləri aparsınlar. Borc ödəyə bilməyən vətəndaşlar ödəməsinlər. Ödəyə bilən də borcunun düzgün hesablanmasından sonra ödəsin. Yalnız bu halda banklar məcbur olacaqlar ki, əhaliyə müvafiq güzəştlər etsinlər. Yoxsa güzəşt olmayacaq. Heç kəs güzəşt gözləməsin. Bu problem Azərbaycanda hələ bir neçə il bu şəkildə də davam edəcək”.
Ekspertlər bildirirlər ki, problemli kreditlər ölkə iqtisadiyyatı üçün, sözün əsl mənasında, problemə çevrilib. Açıqlanan ən son statistika da qaytarılmayan borcların həcminin artdığını göstərir. Ölkədə problemli kreditlərin həcmi artmaqda davam edir. Mayın 1-də vaxtı keçmiş kreditlərin məbləğinin 1 milyard 381,3 milyon manat olduğu bildirilir. Mərkəzi Bankın (MB) açıqladığı statistikaya görə, mart ayı ilə müqayisədə apreldə problemli kreditlərin həcmi 54,8 milyon manat və ya 4,13 faiz artıb. Manatla 9 milyard 723,1 milyon kredit verilib. Bunun da 726,2 milyon manatının ödəmə vaxtı gecikir. Xarici valyutada da 9 milyard 35,6 milyon manatlıq kredit verildiyi qeyd edilir. Xarici valyutada problemli kreditlərin həcmi 655,1 milyon manat göstərilir. Problemli kreditlərin içərisində xarici valyutada olanlar üstünlük təşkil edir. Mütəxəssislərin fikrincə, bunu doğuran səbəblərdən birincisi devalvasiyadır. Bu prosesdən sonra xarici valyutada olan kreditlərin manat ifadəsində məbləği artıb. İnsanların gəlirləri isə manatla olduğundan ödəniş qabiliyyəti pisləşib. Digər tərəfdən isə kreditlər yüksək faizlə verildiyindən onu qaytarmaq çətinləşir. Ekspertlər bildirirlər ki, banklar vaxtında böyük məbləğdə gəlir götürdükləri üçün indiki zərərin bir hissəsini öz üzərinə götürməlidirlər.
Müstəqil ekspertlər və beynəlxalq reytinq agentlikləri vaxtı keçmiş kreditlərin daha çox olduğunu qeyd edirlər. Məsələn, “Moody’s” beynəlxalq reytinq agentliyi hesab edir ki, Azərbaycan banklarında bu, kredit portfelinin 20 faizini təşkil edir. MB-nin məlumatında isə problemli kreditlər 7,4 faiz göstərilir.
Ekspert Fikrət Yusifov məsələ ilə bağlı bildirib ki, problemli kreditlər deyiləndən daha çoxdur: “Bəzi banklarda bu cür kreditlərin həcmi 40-50 faizdir. Hətta bizdə məlumatlar var ki, bəzi banklarda bu rəqəm 60 faizə yaxındır. Bu, bütünlüklə bank sistemi üçün problemdir. Ona görə biz dəfələrlə mətbuatda təkliflər verdik ki, bu problem həll olunmalıdır. Bu problemi yaradan başlıca səbəb xarici valyutada götürülmüş, bu günə qədər qaytarılmayan kreditlərdir. Devalvasiya nəticəsində vətəndaşın aldığı borc iki dəfə artıb, vətəndaş bunu ödəmək iqtidarında deyil. Problemli kreditlərin həcmi getdikcə artır. Bu sahədə çox ciddi problemlər var”.
Ekspertin sözlərinə görə, Mərkəzi Bankın rəhbərliyi, Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyi oturub düşünməli və hökumət qarşısında çox ciddi, əsaslandırılmış təkliflərlə çıxış etməlidirlər: “Bu problem çözülməsə, vəziyyət daha da pisləşəcək. Bank sistemi faktiki olaraq iflic vəziyyətindədir, özünü tamamilə itirib. Məsələnin həllinin başqa yolu yoxdur. Biz dəfələrlə təklif etdik, yenə edirik. Bu məsələnin həllinin yeganə düzgün yolu Mərkəzi Bankın daxili borclanmaya getməklə xarici valyutada götürülən kreditlərin məzənnə fərqini banklara ödəməlidir, bu, ən yaxşı yoldur. Banklar da eyni zamanda insanlara, vətəndaşlara ciddi şəkildə güzəştə gedərək məzənnə fərqini aradan qaldırmalıdır”. Qeyd edək ki, əksər ekspertlərin fikrincə, kompensasiya mexanizmi zamanında tətbiq olunmalı idi. Belə olardısa, problemli kreditlərin həcmi bu qədər artmazdı. (musavat)
İnterpress.az