Nyu York ştatından sonra başlanan tanıtım kampaniyası hal-hazırda ABŞ-ın paytaxtı Vaşinqton şəhərində həyata keçirilir. Amerika Birləşmiş Ştatlarının həm siyasi, həm də strateji baxımdan əhəmiyyətli şəhərinin mərkəzi küçələrində yerləşən binalar üzərində proyeksiya üsulu ilə “Xocalıya ədalət… Azərbaycana qarşı bəşər faciəsi” başlıqlı görüntü yayımlanır.
Xüsusən, axşam saatlarında əhalinin və nəqliyyatın sıx olduğu ərazilərdə daş tikililər üzərinə yansıdılan görüntü kampaniyanın loqo və statistik məlumatlarını amerikalıların diqqətinə çatdırır. Bununla yanaşı, mərkəzi marşrutla hərəkət edən böyük ölçülü avtobuslar üzərinə də posterlər həkk olunub. Bu avtobuslar sözügedən posterləri üç həftə boyunca üzərində daşıyacaq və daha çox insanın faciənin miqyasından xəbərdar edəcək.
Aksiyanın növbəti və əhəmiyyətli addımlarından biri dünən – fevralın 23-ü gerçəkləşdirilib. 100-dən çox amerikalı Xocalı soyqırımına olan münasibətini və qəddarlığa etirazını bildirmək məqsədilə Vaşinqton şəhərinin küçələrində yürüşə çıxıb. “Walking billboard”, yəni “Gəzən elan” adlandırılan bu tip aksiyalar xüsusilə piyadaların çox olduğu ərazilərdə çox effektivdir. Bu növ yürüş avtomobil və digər nəqliyyat vasitələrinin daxil ola bilmədiyi ərazilərdə insanların diqqətini cəlb etməyə müvəffəq olur.
Yürüş iştirakçıları “Xocalıya ədalət..”, “23 il bundan əvvəl baş vermiş soyqırım”, “Azərbaycana qarşı bəşər faciəsi” yazılarının həkk olunduğu posterləri öz üzərilərinə bərkidərək şəhərin mərkəzi küçələrini dolaşıb, mühüm dövlət obyektlərinin qarşısında dayanaraq ətrafdakı insanlara çoxsaylı flayer və broşürlər paylayıblar. Yürüş iştirakçılarının keçdiyi marşrutun ən önəmli və uzunmüddətli dayanacaqlarından biri isə Ağ Ev olub. Ağ evin qarşısı ənənəvi olaraq aksiya və etiraz kampaniyalarına ev sahibliyi edir.
Bu dəfə sözügedən obyektin qarşısına toplaşan insanlar 23 il öncə Azərbaycanda baş verən Xocalı soyqırımına öz münasibətlərini sərgiləyib.
İnterpress.az