Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Eduard Nalbəndyanın BMT-nin insan hüquqları şurasının iclasında çıxışına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Ermənistan xarici işlər nazirinin ölkəsinin siyasi və hərbi rəhbərliyinin iştirakı ilə törədilmiş Xocalı soyqırımını və buna görə Ermənistanın daşıdığı məsuliyyəti etiraf etmək üçün BMT insan hüquqları şurası ən münasib məkanlardan biridir: “Xocalıda Ermənistan tərəfindən BMT insan hüquqları şurasında baxılmalı olan müharibə cinayətləri, insanlıq əleyhinə cinayət və soyqırımı əməlləri törədilib. Yaxın Şərqdə terror təhlükəsindən danışan Ermənistan xarici işlər naziri digər terrorçu qruplarla bərabər, elə bu regionda təşəkkül tapan və genişmiqyaslı terror əməlləri həyata keçirən və Ermənistan müstəqillik qazandıqdan sonra isə Ermənistan xüsusi xidmət orqanlarının tərkibinə inteqrasiya olunan ASALA və digər erməni terror təşkilatlarının da rolunu vurğulamalı idi. Ermənistanın xüsusi xidmət orqanlarının bilavasitə iştirakı ilə Azərbaycanda 30-dan artıq terror aktı törədilib. Monte Melkonyan başda olmaqla, erməni terrorçuları Ermənistanda milli qəhrəman səviyyəsinə ucaldılmış və onların “qəhrəmanlığı” orta məktəb dərsliyinə də daxil edilib”.
H. Hacıyev bildirib ki, iclasda çıxış edərək “etnik təmizləmənin ardınca həyata keçirilən mədəniyyət abidlərinin dağıdılması insan yaddaşının silinməsi və minillərlə yaşı olan sivilizasiyanın məhv edilməsi cəhdləridir” deyən Ermənistan xarici işlər naziri yəqin ki, işğal altında olan Azərbaycan ərazilərində Ermənistan tərəfindən törədilmiş vəhşilikləri nəzərdə tutur: “Çünki Ermənistan xarici işlər nazirinin dedikləri ilə Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində və Ermənistan ərazisində Azərbaycan xalqına aid olan maddi-mədəniyyət abidələrinə və dini irsə qarşı həyata keçirilmiş soyqırım tamamilə üst-üstə düşür. Beynəlxalq humanitar hüququn məskəni olan Cenevrədə BMT insan hüquqları şurasında çıxış edən Ermənistan xarici işlər naziri ölkəsinin ATƏT-in Minsk qrupu həmsədrlərinin təklifinə uyğun olaraq, münaqişə nəticəsində əsir və itkin düşmüş şəxslər barəsində məlumat mübadiləsinə maneçilik yaratmasına da aydınlıq gətirməli idi. Ermənistanın da həmmüəllif olduğu BMT Baş Assambleyasının “İtkin düşmüş şəxslər” adlı 18 dekabr 2014-cü il tarixli qətnaməsi münaqişə tərəfləri olan dövlətləri itkin düşmüş şəxslər barəsində məlumatı bölüşməyə, qurbanlara yardım etməyə, onların yerinin və ya qalıqlarının müəyyən edilməsində köməklik göstərməyə çağırır.
Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində 4000-dən artıq azərbaycanlı itkin düşmüş hesab olunur və onların taleyinə görə Ermənistan Respublikası məsuliyyət daşıyır. Cenevrə konvensiyaları əsnasında da bu barədə məlumatın verilməsini təmin etmək üçün Ermənistanın beynəlxalq hüquqi öhdəliyi var. Müasir məhkəmə-tibb elmləri, xüsusilə DNT analizin tətbiqi kütləvi şəkildə öldürülən və Ermənistan ərazisində və işğal olunmuş ərazilərdə kütləvi məzarlıqlarda basdırılan şəxslərin kimliyinin müəyyən olunmasında və nəticə etibarilə, itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsinə xidmət etmiş olardı”.
İnterpress.az