Son günlərdə həbslər dalğasına məruz qalan qurumlardan biri də NİDA Vətəndaş Hərəkatıdır. Avqustun 13-də təşkilatın üzvü Elgiz Qəhrəmanlı barəsində 4 aylıq həbs-qətimkan tədbirinin seçilməsinin ardından bir sıra NİDA-çı gənclər, o cümlədən, qurumun rəhbərlərindən sayılan Turqut Qəmbər avqustun 18-də müvəqqəti olsa da saxlanıldı və bəzi təzyiqlərə məruz qaldılar.
NİDA-nın liderlərindən olan keçmiş vicdan məhbusu Rəşadət Axundov son günlərdə təzyiqlərə məruz qalmaları ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bəzi önəmli məqamlara toxundu: “Təkcə NİDA hədəfə çıxmayıb, əksər təşkilatlarda vəziyyət eynidir. Bu baxımdan NİDA-nı fərqləndirmək istəməzdim. Təzyiqlərə məruz qalan təşkilatlarda əsas qüvvə gənclərdir. Gənclik həmişə mübarizədə ön plana çıxırlar. Dəyişikliyə can atan əsas qüvvə də gənclərdir. Dünyanın hər yerində belədir. Bu baxımdan həbslərə gənclərdən başlamaq əsas səbəblərdən biridir. Qarşıdakı zamanlarda da təhlükələri gözləmək olar. Son hadisələr göstərdi ki, gələcəkdə daha təhlükəli hadisələrin baş verməsi mümkündür. Vəziyyət günü-gündən pisləşir. NİDA hazırda öz fəaliyyətini davam etdirir. Ölkədə hər hansı bir qarşılıq, zorakılıq yaratmaq niyyətimiz yoxdur. Öz prinsiplərimizə sadiq şəkildə dinc yolla mübarizəmizi davam etdirən təşkilatıq. Bundan sonra bu şəkildə fəaliyyət göstərəcəyik. Arzu edirəm ki, hakimiyyət bu repressiyaları dayandırsın. Bunun nə ölkəyə, nə də onların özlərinə xeyri var. Azərbaycanın imicinə ciddi zərbə vuran məsələdir. Böhran dövründə iqtisadi islahatlar keçirmək, xalqın güzəranını yaxşılaşdırmaq lazımdır. Düşünürəm ki, bu həbslərin səbəblərindən biri də problemi arxa plana keçirməkdir. Amma bunun baş tutacağına inanmıram. Hakimiyyət real işlər görməyə məcburdur. Müxalifətə təzyiqlərə etməklə iş bitmir”.
R.Axundov bu ilin martında azadlığa çıxması ilə hakimiyyətin siyasi məhbus problemi istiqamətində başlatdığı müsbət işləri dayandırmasına belə aydınlıq gətirdi: “Martdan bu yana atılan addımların köklü olmasa da, müsbət simptomları var idi. İnsanlar düşünürdülər ki, bu problemin müsbətə doğru həlli istiqamətində müəyyən addımlar atılır. Amma müxtəlif fərdlərin azad edilməsi əslində siyasi məhbus problemini həll etmədiyini göstərdi. Son günlərdəki həbslər onu da göstərdi ki, əvvəlki illərdən baş qaldıran problemlər yenidən aktuallaşa bilər. Avropada, xüsusilə, ABŞ-da bu problemin yenidən gündəmə gətirilməsi mümkün haldır. Beynəlxalq təşkilatlar tərəfindən bu məsələlər hakimiyyətin diqqətinə indiyə qədər dəfələrlə çatdırılıb. Məsələ dalğavari şəkildə cərəyan edir. Son illərdə beynəlxalq təşkilatların Azərbaycandakı siyasi məhbuslarla bağlı fəaliyyətlərinin bir qədər səngiməsinə səbəb məncə yorulmalarıdır. Hakimiyyətlə hər hansı bir razılaşmaya gedə biləcəkləri fikirləri ilə qətiyyən razı deyiləm. Sadəcə əllərini üzüblər. Ona görə əvvəlki reaksiyalarını vermirlər. Bu da iqtidara bəzi imkanlar qazandırır. Hakimiyyətin rəqib düşərgəni tamamilə sıradan çıxarması mümkünsüzdür. Sadəcə gələcək hadisələrdən özünü indidən sığortalamaq istəyir. 2017-18-ci illərdə iqtisadi vəziyyət daha gərgin olacaq. Həmin dövrə indidən hazırlaşırlar. Onu da qeyd edim ki, Azərbaycan hakimiyyəti son zamanlarda seçim etmək sürəcinə daxil olub. Qərb, Rusiya, Türkiyə və İranla seçim etmək mərhələsindədir. Açığı istəmirəm ki, bu seçim olsun. Regionda xoşagəlməz proseslər baş verir. Amma bu reallıqdır ki, vəziyyət pisə doğru dəyişir. Hakimiyyətin də seçimi heç də müsbət görünmür”. (musavat)
İnterpress.az