“Reklam haqqında” qanun layihəsi müzakirə olunubbackend

“Reklam haqqında” qanun layihəsi müzakirə olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Komitə sədri Ziyad Səmədzadə bu qanun layihəsini Azərbaycan iqtisadiyyatı üçün çox vacib qanun layihələrindən biri adlandırıb. O deyib ki, Milli Məclisdə birinci oxunuşdan sonra qanun layihəsinə kifayət qədər düzəlişlər edilib: “Reklam insanların hər gün üzləşdiyi prosesdir və bu prosesdə həm dilimizin, həm milli iqtisadiyyatın qorunması, əcnəbi və ikili standart mövqelərdən qorumaq üçün əsas verəcək. Bu qanun layihəsi Milli Məclisə çıxarılanda da düzəlişlər ediləcək. Məqsəd isə ondan ibarətdir ki, Azərbaycanda qəbul ediləcək reklam haqqında qanun bütün mütərəqqi tələblərə cavab versin, ölkəmizdə vətəndaş cəmiyyətinin qurulmasına xidmət etsin, istehsalçı və istehlakçıların hüquqlarının qorunmasını təmin etsin”.

Qanun layihəsinin müəlliflərindən biri Vahid Əhmədov bildirib ki, Azərbaycanda reklam haqqında qanunun qəbulundan 17 il keçib. Bunu əsas gətirən millət vəkili deyib ki, qanunun qəbulundan bəri uzun müddət keçdiyindən layihədə dəyişikliklərə çox böyük ehtiyac var. Onun sözlərinə görə, bu qanun layihəsində ictimai müzakirələrdə səsləndirilən təkliflər nəzərə alınıb. V. Əhmədov qeyd edib ki, qanun layihəsində sosial reklam anlayışı, onun hazırlanması və müəyyən olunması qaydalarına aydınlıq gətirilib: “Belə ki, layihədə sosial reklam anlayışı daha anlaşıqlı şəkildə verilib, onun dövlət büdcəsindən maliyyələşən reklam istehsalçıları, reklam yayıcıları və agentləri tərəfindən ödənişsiz, özəl qurumlar tərəfindən isə ödənişli istehsal edilməsi və yayımlanması təsbit edilib. Müəyyən edilib ki, bütün reklam yayıcıları ümumi reklam vaxtının, nəşrlərdəki reklam yerlərinin və reklam qurğularının ümumi sahəsinin 8%-ni sosial reklam üçün ayırmağa borcludur. Qeyd etməliyəm ki, mövcud qanunda bu rəqəm 5% miqdarında müəyyənləşdirilib. O cümlədən, teleradioda sosial reklamın yayımlanmasının vaxt çərçivəsi müəyyən edilib: saat 9-dan gecə saat 12-yə kimi. Bu da əsasən ona görədir ki, çox vaxt sosial reklamı gecə vaxtı verirlər, bu vaxt da verilən sosial reklam maraq doğurmur. Televiziya və radio şirkətlərinin maraqları nəzərə alınaraq, sosial reklamın müddətinin reklam üçün ayrılan efir vaxtına daxil edilmədiyi də qanunda göstərilib. Elə bilirəm ki, bu maddələr sosial reklam vericiləri ilə həmin reklamın yayıcıları arasında maraqların toqquşmasını aradan qaldıracaq”.

Millət vəkili qeyd edib ki, qanunun mətninin daha da sadələşdirilməsi, yayımlanan reklamlarda dövlət dilinin tələblərinə ciddi riayət edilməsi, qoyulan qadağaların nisbətən azaldılması ilə bağlı təkliflər nəzərə alınıb.

Bundan başqa, reklamın televiziya tamaşaçıları və radio dinləyicilərinə həm müsbət, həm də mənfi təsiri araşdırılaraq, onların yayımlanması tezliyi məsələsinə də yenidən baxılıb. “Bu məsələdə işçi qrupu mütəxəssislərlə, nazirliklərlə məsləhətləşmələr aparıb, reklamın insan tərəfindən optimal qavranılması, psixikasına mənfi təsirinin qarşısının alınması üçün reklamlar arasında interval müəyyənləşdirilib”, – deyə V. Əhmədov vurğulayıb.

Qanun layihəsində yeniliklərdən biri də idman-mərc oyunlarının reklamı üçün vaxt məhdudiyyətinin qoyulması ilə bağlıdır. Belə ki, əhalinin, xüsusən gənclərin psixologiyasına təsiri nəzərə alınaraq belə reklamların yayım vaxtı saat 23:00-dən 7:00-dək məhdudlaşdırılıb.

Əvvəlki layihədən fərqli olaraq, alkoqollu içkilərin reklamına da yeni yanaşma tətbiq edilib. “Azərbaycanda tündlüyü müxtəlif olan alkoqollu içkilər istehsal olunur. Biz xarici ölkələrin alkoqollu içkilərin reklamı təcrübəsini öyrəndikdə gördük ki, dünyanın əksər ölkələrində bu məsləyə fərqli yanaşma var. Belə ki, alkoqollu içkilərin reklamı tündlük məsələsindən asılı olaraq fərqləndirilir. Xaricdə aparılan tədqiqatlar göstərir ki, bu cür içkilərin daha çox istehlak edildiyi ölkələrdə insanlar daha tünd içkilərin istehlakına az maraq göstərir. Həmin məhsulları istehsal edən şirkətlərin çoxu idman yarışlarının sponsorluq edir, reklam vericiləri kimi çıxış edir. Digər tərəfdən, qlobal telekommunikasiya məkanında belə məhdudiyyətin qoyulması imkan xaricindədir. Üstəlik, bu istənilən nəticə vermir, bununla da öz istehsalçılarımızı reklam bazarından sıxışdıra bilərik. Buna görə də biz bu məsələyə həmin ölkələrinin qanunvericiliyində olduğu kimi yanaşmağı daha düzgün hesab edirik. Yeni qanun layihəsində başqa ölkələrdə olduğu kimi tündlüyü yalnız 5%-dən yuxarı olan alkoqollu içkilərin reklamına vaxt məhdudiyyəti qoyulub, onların reklamının dövrü nəşrlərin yalnız üz və arxa qabığında yerləşdirilməsi qadağan edilib. Yeni maddə kimi reklam sahəsində qiymətlərin tənzimlənməsi maddəsi əlavə edilib. Bu maddəyə əsasən, həmin qiymətlər reklam subyektlərinin özü tərəfindən müqavilə əsasında sərbəst təyin edilir və hesab edirik ki, bu, bazar münasibətlərinə daha uyğundur”, – deyə V. Əhmədov vurğulayıb.

İnterpress.az