ABŞ Ali Məhkəməsi Texasda immiqrasiya həbsi qanununu dayandırıbbackend

ABŞ Ali Məhkəməsi Texasda immiqrasiya həbsi qanununu dayandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Ali Məhkəməsi Texas ştatında polisə Meksika sərhədindən ölkəyə qeyri-qanuni yollarla daxil olan immiqrantları həbs etmək səlahiyyəti verən qanunu müvəqqəti olaraq dayandırıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

“The Washington Post” qəzetinin yazdığına görə, ABŞ Ali Məhkəməsinin hakimi Samuel Alito sözügedən qanunun fəaliyyətini martın 13-dək dayandırmağa qərar verib.

Alito öz qərarında Texas ştatının rəsmilərinin arqumentlərini məhkəməyə təqdim etmələri üçün martın 11-i bazar ertəsinin sonuna qədər vaxtlarının olduğunu bildirib.

Texas qubernatoru Greg Abbott qanunu 2023-cü ilin dekabrında təsdiqləyib.

Yerli hakimlərə qeyri-qanuni mühacirlərin ölkədən çıxarılması ilə bağlı qərar vermək səlahiyyətini də verən qanunun bu gündən qüvvəyə minməsi planlaşdırılırdı.

Texas qubernatoru Abbott ABŞ prezidenti Co Bayden administrasiyasını sərhəd təhlükəsizliyi ilə bağlı kifayət qədər tədbir görməməkdə günahlandırıb və daha çox qeyri-qanuni mühacirlərin keçməyə üstünlük verdiyi Eagle Pass şəhərində sərhəd bölgəsinə təxminən 4 kilometr tikanlı məftil çəkilməsini əmr edib.

Bayden administrasiyası həmçinin sərhəd təhlükəsizliyinin federal hökumətin səlahiyyətində olduğunu bildirib və tikanlı məftillərin çıxarılması üçün ABŞ Ali Məhkəməsinə müraciət edib.

Ali Məhkəmə, Meksika sərhədində Rio Qrande çayı boyunca tikanlı məftillərin sökülməsinə qərar verib, lakin Texas qubernatoru Abbott bu qərara əməl etməyəcəyini elan etdikdən sonra Bayden hökuməti ilə mübahisə daha da böyüyüb.

Məhkəmə qərarına baxmayaraq, Texas Milli Qvardiyası yanvarın 23-də ABŞ sərhəd patrulunun öz işini görməsinə icazə verməyib və tikanlı məftillər çəkməyə davam edib və 25 Respublikaçı ştatın qubernatorları birgə bəyanatla Texasın yanında olduqlarını bildiriblər.