Avropa İttifaqı (Aİ) ayrı-seçkiliklə mübarizə məqsədilə üzv ölkələrdə yaradılmış “bərabərlik institutları” strukturunu gücləndirəcək.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Aİ Şurasından verilən açıqlamada Brüsseldə toplanan üzv ölkələrin Avropa işləri nazirlərinin bərabərlik orqanlarının fəaliyyətini yaxşılaşdırmaq üçün islahatlara dair razılığa gəldiyi bildirilib.
Bəyanatda bildirilib ki, islahatlar üzv ölkələrdə sözügedən qurumların müstəqil və xarici təsirlərdən azad olması, hökumət və ya digər təşkilatlardan təlimat almaması, kifayət qədər kadr və resurslara malik olması üçün zəruri tədbirləri əhatə edir.
Həmçinin bildirilib ki, bu qurumlar bərabərlik haqqında məlumat toplamaqla yanaşı, ayrı-seçkiliyə qarşı göstərdikləri xidmətlərlə bağlı maarifləndirmə işləri təşkil etməli, rəy və qərarlar dərc etməli, araşdırmalar aparmalıdırlar.
Razılaşdırılmış islahatlar növbəti mərhələdə Avropa Parlamenti (AP) tərəfindən təsdiqlənməlidir.
Bərabərlik orqanları üzv dövlətlərdə müsəlmanlara qarşı cinayətlər kimi nifrət cinayətlərinin bildirilə biləcəyi ilk qurumlardır, lakin ayrı-seçkilik halları ilə mübarizədə disfunksiyalı və qeyri-adekvat olduqları üçün tənqid olunurlar.