Avropa İttifaqı institutlarında yüksək vəzifələrdə çalışan bəzi məmurların yeni karyera axtarışında olması diqqət çəkib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
2019-cu ildə keçirilən Avropa Parlamenti (AP) seçkilərindən sonra sonuncu vəzifəyə təyin edilmiş bir çox Avropa İttifaqı (Aİ) məmurları cari qanunvericilik dövrünün sonuna yaxınlaşdıqca işlərini tərk ediblər.
Avropa seçkilərinin nəticələri həm də kimin Aİ institutlarında yüksək vəzifələrə təyin ediləcəyini müəyyənləşdirir. Son seçkilər 2019-cu ilin mayında keçirilib, daha sonra Aİ Şurası, Aİ Komissiyası, Avropa Parlamentinin sədri və Komissiyanın üzvləri müəyyənləşib.
Aİ-yə üzv olan 27 ölkədə növbəti seçki bu il iyunun 6-9-da keçiriləcək AP seçkiləri olacaq. AP-nin 5 il müddətinə keçiriləcək seçkilərdə 720 deputat müəyyənləşəcək. Seçkilərdən sonra Aİ idarəçiliyində kimin iştirak edəcəyi bəlli olacaq.
Bu məqamda bir çox siyasətçilər indiki vəzifələrinə oxşar vəzifələrə təyin olunmayacaqları üçün yeni imkanlar axtarırlar. Bu insanların öz qurumlarından çox, öz fərdi gələcəklərini planlaşdırmağa diqqət yetirmələri ictimaiyyətdə narahatlıq yaradıb. Başqa vəzifələr axtaran bu məmurların əslində özlərini Aİ və ya dövlət qulluğuna həsr etmədikləri, yüksək maaş aldıqları dövrün sonu yaxınlaşdıqca şəxsi maraqlarını və yeni imkanlarını diqqət mərkəzində saxladıqları qiymətləndirilir.