Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə 15 ölkədə fəaliyyət göstərən ASAP nümayəndəliklərinin iştirakı ilə onlayn görüş keçirilib.
İnterpress.az xəbər verir ki, 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş görüşdə Gənclər və İdman Nazirliyinin sektor müdiri Elnur Abdullayev, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Rafael Hacıbəyli və ASAP-ın icraçı direktoru Sevda Mansurova açılış nitqi ilə çıxış ediblər.
Bildirilib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına yönəlib. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Bir çox sahələrdə olduğu kimi gənclər sahəsində də Azərbaycan bir çox ölkələri qabaqlayıb.
Görüşdə müxtəlif ölkələrdə təhsil alan azərbaycanlı gənclərin iştirakı ilə il ərzində keçirilən tədbirlər və qarşıda duran hədəflər müzakirə edilib, gənclər üçün dövlətimiz tərəfindən yaradılan imkanlardan danışılıb, interaktiv fəaliyyətlər həyata keçirilib.
Sonda müxtəlif ölkələrdə fəaliyyət göstərən və il ərzində fəallığı ilə seçilən ASAP nümayəndəliklərinin və fəal üzvlərin həvəsləndirici sertifikatlarla mükafatlandırılması baş tutub.