Avstriyanın Krems şəhərinin müxtəlif ərazilərində 10 oğurluq hadisəsi və ümumilikdə 170 000 avro dəyərində zərər olub.
İnterpress.az xəbər verir ki, Avstriyada mətbuatının yazdığına görə, bir qrup gürcü oğurluqda ittiham edilərək saxlanılıb.
KİV-in məlumatına görə, 2023-cü ilin noyabrından 2024-cü ilin yanvarına kimi dörd Gürcüstan vətəndaşı evləri qarət edib. Belə ki, 32-35 yaşlarında olan Gürcüstan vətəndaşları müxtəlif vaxtlarda evlərdən pul və qızıl-zinət əşyaları oğurlayıblar. Mənzillərin birindən isə nağd pulla dolu seyf götürülüb.
Müstəntiqlər müəyyən ediblər ki, onlar Polşa dövlət nömrə nişanlı avtomobillə qaçıblar və sınmış seyf Çexiyada tapılıb.
İş materiallarından aydın olub ki, gürcülər Avstriya hüquq-mühafizə orqanları tərəfindən yanvar ayında ev oğurluğu faktına görə tutulub. Hazırda onların Krems həbsxanasının istintaq təcridxanasında olduğu bildirilib.
Bundan əlavə, oğurluqda ittiham edilmiş daha bir şəxs Avstriya polisi tərəfindən axtarılır.
Faktla bağlı istintaq hələ də davam edir.