Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sosial şəbəkələrdə taksi şirkətlərinə sürücülərin narkoloji testə göndərilməsi barədə tapşırıq verilməsi xəbərlərinə münasibət bildirib.
AYNA-dan bildirilib ki, taksi fəaliyyətinə icazə üçün tələb olunan sənədlərdən biri də reysqabağı tibbi müayinə müqaviləsidir.
Qeyd edilib ki, “Avtomobil nəqliyyatı haqqında”, “Lisenziyalar və icazələr haqqında” qanunlara əsasən, taksi minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyəti göstərmək istəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar buraxılış vəsiqəsi, eyni zamanda nəqliyyat vasitələri üçün buraxılış kartı almalıdırlar. Nazirlər Kabinetinin 71 nömrəli Qərarına əsasən, Avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımaları yerinə yetirən daşıyıcılar mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını, sürücülərin isə reysqabağı tibbi müayinədən keçirməsini təmin etməlidirlər. Bundan başqa, hüquqi şəxslər və ya fərdi sahibkarlar reysqabağı texniki müayinə ilə bağlı aidiyyəti üzrə qeydiyyatdan keçmiş texniki-təmir sahələri (nəqliyyat vasitələrinə texniki xidmət göstərən məntəqələr), sürcülərin tibbi müayinəsi üçün isə tibb müəssisələri ilə müvafiq qaydada müqavilə imzalaya bilərlər. Qeyd olunan şərait eyni zamanda daşıyıcı tərəfindən parklarda da yaradıla bilər.
Məlumatda vurğulanıb ki, hüquqi şəxslər və ya fərdi sahibkarlar buraxılış vəsiqəsi və buraxılış kartına müraciət etdikdə də reysqabağı tibbi müayinə müqaviləsi tələb olunur: “Həmçinin, sürücünün narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələr və psixotrop maddələrdən istifadənin müəyyən edilməsi üçün aparılan tibbi müayinənin nəticəsi barədə məlumatlar, eyni zamanda xüsusi hazırlıq keçməsini təsdiq edən sənəd təqdim edilməlidir. Qeyd olunan sənədlər olmadığı təqdirdə daşıyıcılar icazəyə müraciət edə bilməyəcəklər. Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələbləri, həmçinin sürücü barədə məlumatların siyahısı təsdiq olunandan sonra taksi nəqliyyat vasitələrinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən müvafiq icazə veriləcək. Qeyd olunan sahə üzrə elektron qaydada icazələrin verilməsi prosesinə isə taksi fəaliyyətinə dair yeni tələblər müəyyən edildikdən sonra başlanılacaq. Bununla da bu sahədə uçot və nəzarət mexanizminin tətbiqi mümkün olacaq”.
AYNA-dan əlavə olunub ki, qeyd olunan sahə üzrə elektron qaydada icazələrin verilməsi prosesinə isə taksi fəaliyyətinə dair yeni tələblər müəyyən edildikdən sonra başlanılacaq. Bununla da bu sahədə uçot və nəzarət mexanizminin tətbiqi mümkün olacaq.