“Dövlət-sahibkar tərəfdaşlığı: Dayanıqlı iqtisadiyyatın əsası” mövzusunda keçirilən konfransın iştirakçıları adından Prezident İlham Əliyevin siyasətini dəstəkləyən bəyanat qəbul edilib.
İnterpress.az xəbər verir ki, bəyanatda deyilir:
“Müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən böyük müdriklik və uzaqgörənliklə davam etdirilməsi nəticəsində ölkəmizin iqtisadi qüdrəti günbəgün artır, etibarlı tərəfdaş kimi nüfuzu güclənir.
Dünya birliyində öz layiqli yerini tutan, dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilmək hədəfinə doğru böyük inamla irəliləyir, əldə edilən uğurlarla tarix yazır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi və lokal antiterror tədbirləri nəticəsində respublika ərazisində separatizmə birdəfəlik son qoyulması, torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin konstitusiya quruluşunun tam bərpası ilə Azərbaycan inkişaf tarixinin yeni strateji mərhələsinə başlayıb”.
Bəyanatda həmçinin qeyd edilir ki, qlobal çağırışlar fonunda ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanılır, iqtisadiyyat şaxələnir, özəl bölmənin inkişafı üçün daha əlverişli biznes və investisiya mühiti formalaşdırılır. Həyata keçirilən genişmiqyaslı işlər nəticəsində sahibkarlar ölkə iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilib: “Təsadüfi deyildir ki, ölkəmizdə reallaşdırılan islahatlar beynəlxalq maliyyə təşkilatları tərəfindən də yüksək qiymətləndirilir. Dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes fəaliyyətinə dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmlərinin səmərəliliyinin artırılması, tətbiq olunan güzəştlər və stimullar, işgüzar əlaqələrin inkişafı istiqamətində davam etdirilən məqsədyönlü tədbirlər nəticəsində ölkə iqtisadiyyatında qeyri-dövlət sektorunun payı 86,5 %, məşğulluqda isə 78 % təşkil edib.
Belə yüksək nəticənin əldə olunması bizləri qürurlandırır. Biznesin təşviqi istiqamətində həyata keçirilən tədbirlər sahibkarlar tərəfindən xüsusi minnətdarlıqla vurğulanır. Biznes nümayəndələri dövlət-sahibkar əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsində dəstəyi daima hiss edir.
Azərbaycanda azad bazar münasibətləri və sağlam rəqabət mühiti özəl bölmə üçün əlverişli imkanlar formalaşdırıb. Bu imkanlar sayəsində Azərbaycanda sahibkarlıq həm keyfiyyət, həm də kəmiyyət baxımından inkişaf etməkdədir.
Dövlət dəstəyindən ruhlanan Azərbaycan sahibkarları olaraq bütün qüvvələrimizi səfərbər edərək, tez bir zamanda Qarabağımızın yenidən dirçəldilməsinə və Böyük Qayıdışa öz töhfələrimizi verməkdən qürur duyuruq.
Ölkə sahibkarları Zati-aliləri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasəti dəstəkləyir, bundan sonra da Azərbaycanın tərəqqisi naminə çağırışlara töhfə verəcəklərini, iqtisadiyyatın inkişafının təmin olunması sahəsində üzərlərinə düşən vəzifələri dönmədən həyata keçirəcəklərini bəyan edirlər”.