Sumqayıt şəhərində qalib Azərbaycan əsgərinin şərəfinə ucaldılan heykəl tənqid hədəfi olub.
bununla bağlı sosial şəbəkələrdə müxtəlif iradlar bildirilib.
Hərbi-ekspert Ramil Məmmədli isə həmin abidənin görünüşünün Azərbaycan əsgəri ilə uyğunluq təşkil etmədiyini vurğulayıb:
“Bu gün sosial şəbəkələrdə, hətta bəzi mətbuat orqanlarında Sumqayıt şəhərinin mərkəz hissəsində şəhidlərimizin xatirəsinə ucaldılan heykəlin fotosunu gördüm. İlk baxışda təqdir olunası bir addımdır. Burada təəssüf doğuran məqam isə başqa bir məsələdir. Bildiyimə görə, hərbi vasitələrin də təqdim olunduğu bu səpkili heykəllər ictimaiyyətə təqdim olunmamışdan əvvəl mütəxəssislərin rəyinə ehtiyac duyulur. Daha dəqiqi, hərbi qulluqçunun abidəsi zamanı onun geyimi, silah və digər dəsti mütəxəssis rəyi ilə uyğunlaşdırılır. Bu heykəldə isə qeyd etdiyim heç bir amil nəzərə alınmayıb. Nəticədə Sumqayıt şəhərinin mərkəzində Azərbaycanın qalib əsgərinin yerində ABŞ və ya NATO üzvü olan hansısa bir ordunun geyim dəsti və silahı ilə təchiz olunmuş hərbçi heykəli ucaldılıb. Bu, həm heykəltəraşın, həm də abidənin ora qoyulmasında məsuliyyət daşıyan Sumqayıt şəhər İcra Hakimiyyətinin birbaşa məsuliyyətsizliyi və yuxarıda qeyd etdiyim qaydalara riayət etməməsidir”.
Heykəlin geyim dəsti Azərbaycan Ordusunda yoxdur?
Ekspert hərbçi heykəlin geyim dəstinin Azərbaycan Ordusunda olmadığını, üzərindəki silahın isə ümumiyyətlə Azərbaycan Silahlı Qüvvələrinin arsenalında yer almadığını bildirib.
“Bu, ABŞ istehsalı olan M-16 avtomatıdır ki, Amerikaya müttəfiq olan bəzi ölkələr də bu silahın bazasında öz avtomatlarını yaradıblar. Azərbaycan Silahlı Qüvvələrinin heç bir hərbi qulluqçusu bu silahla döyüşməyib. Çünki Azərbaycan Ordusunun silahlanmasında M-16 avtomatı yoxdur”.
“Hərbi heykəl Azərbaycan ordusunun əsgərinə, zabitinə oxşayır”
Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev bildirib ki, Şəhidlər Xiyabanı ərazisində ucaldılmış həmin abidə hər kəs tərəfindən təqdir olunur və sosial şəbəkələrdə edilən paylaşımlar da bunun sübutudur:
“Abidədəki əsgərin əlindəki silah da Azərbaycan Silahlı Qüvvələrinin istifadəsində olan avtomatdır. Abidənin üzərində Azərbaycanın gerbi də əks olunub”.
E.Qocayev özünü hərbi ekspert adlandıran R.Məmmədlinin açıqlamasından təəssüfləndiyini və insanların sosial şəbəkədə şərh yazaraq, ona cavab verdiyini qeyd edib.
“Hərbi heykəl Azərbaycan ordusunun əsgərinə, zabitinə oxşayır. Bunun əksini deyən, onu Amerika əsgərinə bənzədən şəxslər kimlərdirsə, məlumatsız adamlardır”.