“ Azeurotel”də internet problemi – “Nə üçün problemin həlli uzanır?!”backend

“ Azeurotel”də internet problemi – “Nə üçün problemin həlli uzanır?!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndiki zamanda adi bir provayderdə 2-3 gün ərzində internetin olmaması sadəcə biabırçılıqdır”.

İnterpress.az xəbər verir ki, bunu “Azeurotel” dövlət provayderində yaranan problemdən dolayı istifadəçilər tərəfindən yaranan narazılığa münasibət bildirən Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

Osman Gündüz qeyd edib ki, internet provayderin problemin həllinə operativ yanaşmaması və istifadəçilərini internetsiz qoyması düzgün fəaliyyət forması deyil. Bu baxımdan problemin həllində maraqlı olmayan şəxslər cəzalandırılmalıdır:

“Artıq iki gündür ki, “Baktelecom” “Azeurotel” dövlət provayderində yaranmış problemin aradan qaldırılması ilə bağlı açıqlamalar verir. “Azeurotel” provayderi “Baktelecom”un idarəçiliyi altındadır. Bu gün problemin 70% həll olunması ilə bağlı məlumat verilib. Yəni, hələ də yüzlərlə istifadəçinin internet bağlantısı yoxdur. Bu, yolverilməzdir. Adətən bu tip problemlər çox qısa zamanda, ən uzağı 1-2 saata həll olunurdu. Hazırda problemin avadanlıqlarda olduğu bildirilir. Bəs bu avadanlıqlar hansı şirkətə məxsusdur?! Avadanlıqlara cavabdeh qurum nə üçün problemi həll edə bilmir?! Ümumiyyətlə, “Aztelekom” və “Baktelecom”da zaman -zaman bir çox şirkətlərin, Huawei, Nokia, İskratel və s. qurumların avadanlıqlar quraşdırması haqqında məlumatlar verilib. Yaxşı olardı ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) yeni rəhbərliyi bütün dövlət operatorlarının İT auditini aparsın. NRYTN adı çəkilən provayderdə baş verənlərlə bağlı ciddi araşdırma aparmalı və təqsirkarlar cəzalandırılmalıdır. Bu tip hadisələrin təkrarlanmaması üçün tədbirlər görülməlidir”.

Qeyd edək ki, “Baktelecom” hazırda rabitə qurğularının işində fasiləyə səbəb olan nasazlığın tam aradan qaldırılması istiqamətində işlərin davam etdirildiyini bildirib.

Gülşən

İnterpress.az