Nikahdan öncə tibbi müayinə tələbi qoyulmaqla yaxın qohum evliliklərinin və fiziki qüsurlu uşaqların doğulmasının qarşısı alındı.
Bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qohum nikahları ilə bağlı ictimai müzakirədə çıxış edərkən deyib.
Onun sözlərinə görə, Ailə Məcəlləsinin 12 maddəsi yaxın qohumlar arasında nikahı qadağan edir. Bu, baba və nənəsi, ata və anası eyni olan övladları nəzərdə tutur.
“Azərbaycanda bu məsələ daha çox ənənələrə söykənir. Övladlarının sağlamlığını düşünməyən insanların münasibətlərində həmişə problem yaranır. Bu kimi problemlər hansısa cinayət hadisəsi ilə nəticələnməsə belə, ciddi fəsadlara səbəb olur. Məsələ hökumətin də diqqətindədir. 2015-ci ildə Ailə Məcəlləsinə dəyişiklik edildi, nikahdan öncə tibbi müayinə tələbi qoyuldu. Tətbiq ediləndə problemlərə səbəb olacağı deyilsə də, normal tətbiq edildi və fiziki qüsurlu uşaqların doğulmasının qarşısı alındı. 2021-ci ildə 2 363 qohum evliliyi qeydə alınıb. Onların 204-ü boşanma ilə nəticələnib. 2022-ci ildə isə 2 542 qohum evliliyi olub, 608 boşanma qeydə alınıb”, – B.Muradova qeyd edib.