Banqladeşdə qatarın vaqonlarının naməlum şəxslər tərəfindən yandırılması nəticəsində baş verən yanğında biri uşaq olmaqla 4 nəfər həyatını itirib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Səhər yerli vaxtla saat 05:00 radələrində Banqladeşin paytaxtı Dəkkədə naməlum şəxslər qatarın 3 vaqonunu yandırıblar.
Yerli mənbələrdən verilən açıqlamada hadisə nəticəsində biri 3 yaşlı uşaq olmaqla 4 nəfərin həyatını itirdiyi bildirilib.
Banqladeş Dəmir Yolları Naziri Nurul İslam Sucan verdiyi açıqlamada hadisə zamanı çox sayda insanın yaralandığını və hadisə yerinə 3 yanğınsöndürmə briqadasının göndərildiyini bildirib.
Yanğının nəzarət altına alındığı və alov alan vaqonların yararsız hala düşdüyü öyrənilib.
Banqladeşin əsas müxalifət partiyası Banqladeş Milliyyətçi Partiyası (BNP) yanvarın 7-də keçirilməsi planlaşdırılan ümumi seçkilərdən əvvəl hökumətin istefasını tələb edib və ölkə daxilində bir günlük tətilə çağırıb.
Oktyabr ayından müxalifətin çağırışı ilə ölkədə küçələrə çıxan nümayişçilər bir çox avtomobili yandıraraq polislə toqquşub. Dekabrın 13-də Qazipur şəhərində naməlum şəxslərin dəmir yolu xəttində relsləri kəsməsi nəticəsində baş verən qatar qəzasında 1 nəfər ölüb, ən azı 12 nəfər yaralanıb, hadisə ilə bağlı araşdırma başlanıb.