Fevralın 15-i saat 12:00-a olan məlumata əsasən şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Naxçıvan MR, Biləsuvar, Şəki, Oğuz, Zaqatalada yağış, Şahdağda isə qar yağır.
Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 21 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2 metrə çatıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 8, Naxçıvan MR-də 10, Aran rayonlarında 11, yüksək dağlıq ərazilərdə isə 1 dərəcəyədək istidır.
11.49
Fevral ayı mürəkkəb sinoptik şəraitlə fərqlənir. Qlobal iqlim dəyişmələrinin təsiri ilə bu ayda atmosfer prosesləri daha dinamik xarakterli olur.
Bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, qısa zamanda həm isti, həm də soyuq dövr üçün xarakterik olan hava şəraiti formalaşır:
“Fevral ayının ilk ongünlüyündə ölkəyə daxil olan cənub istiqamətli axınların təsiri nəticəsində ölkə ərazisində qış fəslinə xas olmayan mülayim, yağmursuz və isti hava şəraiti müşahidə olunsa da, fevralın 15-dən şimaldan daxil olan soyuq hava kütlələrinın təsiri ilə havanın temperaturunun ötən günlərlə müqayisədə 5-10 dərəcə aşağı enəcəyi, arabir küləkli, fasilələrlə yağıntılı olacağı gözlənilir”.
Sinoptikin sözlərinə görə, fevralın 15-dən Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq hava şəraiti dəyişib. Artıq Naxçıvan MR-də, Zaqatalada yağış, Şahdağda isə qar yağır.
Ölkə ərazisində qeyri-sabit hava şəraiti fevralın 18-dək davam edəcək.