Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrailin sıx hücumu altında olan Qəzza zolağında 2,2 milyon insanın aclıq təhlükəsi ilə üzləşdiyi barədə xəbərdarlıq edib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) Qəzzada mövcud ərzaq qıtlığı səbəbindən yaranan böhranla bağlı açıqlama verib.
Qəzzada 2,2 milyon insanın qıtlıq təhlükəsi ilə üzləşdiyi qeyd edilən açıqlamaya görə, 378 min adam İnteqrasiya edilmiş Qida Təhlükəsizliyi Mərhələ Təsnifatı (IPC) şkalasında “fəlakətli” adlandırılan 5-ci səviyyəli aclıqla üzləşib.
Açıqlamaya görə, 939 min insan fövqəladə vəziyyət olaraq bilinən 4-cü dərəcə aclıqla qarşılaşır.
1,9 milyon insan didərgin düşüb
İsrailin hücumları səbəbindən Qəzzada 1 milyon 900 min insan didərgin düşüb və onların əksəriyyəti müvəqqəti çadırlardan ibarət düşərgələrdə yaşayır.
Təl-Əviv administrasiyası Qəzzada “ərzaq çatışmazlığı” olmadığını iddia etsə də, beynəlxalq təşkilatların, xüsusilə də BMT-nin hesabatları bölgədəki aclığı ortaya qoyur.
İsrailin humanitar yardımın ölkəyə girişinə qoyduğu çətinlik və maneələr səbəbindən qida və digər ehtiyac duyulan məhsullar Qəzzaya kifayət qədər çatdırıla bilmir.
Ötən il oktyabrın 7-də başlayan İsrail hücumları nəticəsində viran qalan Qəzza zolağı 2007-ci ildən İsrailin quru, dəniz və hava blokadası altındadır.