Daihatsu Motor modellərində səhv təhlükəsizlik keyfiyyəti testləri aşkar edildikdən sonra Yaponiyada istehsalını dayandırdığını açıqlayıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Yapon şirkəti modellərinin təhlükəsizlik keyfiyyəti testlərində səhvlər aşkar edən qərəzsiz komitənin araşdırmasından sonra fəaliyyətini dayandırır.
Daha əvvəl yerli və xarici daşımaları dayandırmağa qərar verən Daihatsu Yaponiyadakı fabrikində istehsalı dayandırdığını açıqlayıb.
2024-cü ilin yanvar ayının sonuna qədər davam edəcək istehsalın dayandırılması qərarının 8 mindən çox avtomobil təchizatçısının fəaliyyətinə mənfi təsir göstərəcəyi qeyd edilib.
Komitənin hesabatı
Qərəzsiz komitə öz hesabatında səhv sınaqların səbəbi kimi Daihatsu rəhbərlərinin avtomobil istehsal müddətini qısaltmaq təzyiqini göstərib.
Nümayəndə heyətinin rəhbəri Kaiami Makoto deyib: “İşçilər üzərində böyük təzyiq var idi, çünki satış proqramlarının dəyişdirilməsi qəbuledilməz hesab olunurdu”.
Osakada yerləşən mini avtomobil istehsalçısı Daihatsu 11-i Yaponiyada olmaqla cəmi 64 modeldə səhv təhlükəsizlik keyfiyyəti testlərinin aşkar edildiyini təsdiqləyib.
Hesabatdan sonra Daihatsu prezidenti Okudaira Soiçiro “Müştərilərimizin etibarına xəyanət etdik. Günah rəhbərlikdədir”, – deyərək ictimaiyyətdən üzr istəyib.