Diaspor nümayəndələrinin Şuşa təəssüratlarıbackend

Diaspor nümayəndələrinin Şuşa təəssüratları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bir neçə gün öncə Azərbaycanın xarici ölkələrdəki diaspor nümayəndələri Şuşaya səfər ediblər. Onlar illər sonra Azərbaycanın əzəli torpaqları olan Qarabağa səfərləri ilə tarixi bir anı yaşamış oldular.

 

Səfər “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında gerçəkləşdi.

 

Diaspor fəalları Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində erməni vandalizminə məruz qalmış və bu il yenidən Şuşaya qaytarılan “Güllələnmiş heykəllər”in olduğu meydanı, Xurşidbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, eləcə də “Xarı bülbül” otelini ziyarət ediblər.

 

Səfərdə iştirak edən bir neçə diaspor nümayəndəsi Şuşa ilə bağlı təəssüratlarını Modern.az-la bölüşüb.

 

Bu gözəl hissi yaşamaq üçün Şuşada olmaq lazımdır…

 

İsveçrə Azərbaycanlılarının  Koordinasiya Şurasının əlaqələndiricisi, “Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi”nin rəhbəri Qasım Nəsirov bildirib ki, Qarabağda gördükləri və çəkdikləri kadrları İsveçrə mediasında işıqlandırmağı planlaşdırır:

 

“İçveçrədə yaşayan azərbaycanlı, diaspor nümayəndəsi olaraq Şuşaya səfər etməyim mənim üçün yaddaqalan oldu. O torpağı görmək, ayaq basmaq dilə gətirilə bilməyəcək qədər gözəl hissdir. Bunu hiss etmək üçün Şuşa, Qarabağ torpağında olmaq lazımdır. Axır ki, biz Şuşaya qayıtdıq.

 

Mən söz verirəm ki, İsveçrəyə qayıtdığım gündən tanıdığım bütün isveçrəlilərə Qarabağda, Şuşada gördüyüm mənzərəni çatdıracağam. Ən əsası onlara ermənilərin törətdikləri vəhşilikləri danışacağam. Eyni zamanda, Qarabağ torpaqlarında çəkdiyim şəkilləri, oradan əldə etdiyim məlumatları İsveçrə mediasında işıqlandıracağam”.

 

Şuşalı olmasam da, o torpaq mənim üçün çox önəmlidir…

 

Alman–Azərbaycan Mədəniyyət Evinin sədri Altay Rüstəmov bildirib ki, 44 günlük Vətən müharibəsində olduğu kimi bundan sonra da Azərbaycan həqiqətlərini Almaniyada təbliğ etməyə davam edəcək.

 

“Şuşa səfəri ilə bağlı ilkin təəssüratlar çox yüksəkdir. Mənim atam 80-ci illərdə Şuşada çalışıb. Buna görə də mənim uşaqlığımın müəyyən dövrü Şuşada keçib. Düzdür, Şuşa ilə bağlı çox az şey xatırlayıram. Şuşalı olmasam da, o torpaq mənim üçün çox önəmlidir. Şəhər çox sürətlə bərpa olunur. Yenidənqurma işləri aparılır.

 

Almaniyada bizim əsas işimiz bu məsələnin təbliğatı ilə bağlıdır. Qarabağ həqiqətlərinin, işğal zamanı törədilmiş vandalizm aktlarının Avropa cəmiyyətinə çatdırılması üzərində çalışırıq.

 

Bildiyimiz kimi Almaniyada bəzi səbəblərə görə ermənilərə münasibət fərqlidir, onların yazıq imcləri var. Amma buna baxmayaraq, biz 44 günlük Vətən müharibəsində Almaniya tərəfindən Azərbaycana qarşı ciddi bir bəyanat verilməsinə nail olduq”, – deyən diaspor fəalı Şuşada şahidi olduğu erməni valdalizminin Avropa ictimaiyyətinə çatdırılması üçün çalışacağını söyləyib.