Daxili İşlər Nazirliyi (DİN) ötən il Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsində törədilmiş qətllə bağlı görüntülərin yayılmasına münasibət bildirib.
DİN-nin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, sözügedən görüntülərin yayılmasında heç bir problem yoxdur və burada məxfilik rejimi pozulmayıb.
“Belə ki, hadisədən sonra mərhumun yaxınları arasında yaranmış bəzi anlaşılmazlıqlara son qoymaq məqsədilə həmin görüntülər onlara təqdim edilib və bununla da onlarda yaranmış narahatlıqlar aradan qaldırılıb. Eyni zamanda, videomüşahidə kamerasının görüntüləri məhkəməyə də təqdim edilib. Odur ki, bir daha qeyd etmək istəyirəm ki, görüntülərin sosial şəbəkələrdə yayılması heç bir narahatlıq doğurmur”, – DİN rəsmisi bildirib.
Qeyd edək ki, Bakının Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində serjant İsmayıl Məmmədovun həyat yoldaşı Xanım Məmmədovanı öldürməsi ilə bağlı görüntülər yayılıb.