Bakı növbəti dəfə beynəlxalq şəhərsalma gündəminin mərkəzinə çevrilib. BMT-nin Şəhərsalma Forumu çərçivəsində keçirilən müzakirələr təkcə Azərbaycanın deyil, ümumilikdə qlobal urban inkişaf proseslərinin gələcəyinə dair mühüm mesajlar formalaşdırır.

Dayanıqlı inkişaf, müasir texnologiyalar və post-münaqişə bölgələrinin bərpası kimi aktual mövzuların ön plana çıxdığı forum, ölkənin həm təşkilatçılıq potensialını, həm də şəhərsalma sahəsindəki təcrübəsini beynəlxalq səviyyədə təqdim edən mühüm platforma kimi çıxış edir.
Bu gün Azərbaycan regional lider dövlət olmaqla yanaşı, qlobal çağırışların həllinə töhfə verən, beynəlxalq təşəbbüslərlə çıxış edən və yeni inkişaf modelləri təqdim edən ölkədir. Bu mənada işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesi beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla izlənilir.
Uzun illər ərzində Ermənistanın işğal siyasəti nəticəsində tamamilə dağıdılmış şəhər və kəndlərin qısa müddət ərzində yenidən qurulması, burada müasir urbanizasiya prinsiplərinin tətbiq edilməsi Azərbaycanın güclü siyasi iradəsinin, iqtisadi potensialının və strateji idarəetmə modelinin bariz nümunəsidir.
Həyata keçirilən layihələr yalnız infrastrukturun bərpasını nəzərdə tutmur, eyni zamanda yeni həyat tərzinin, müasir yaşayış konsepsiyasının və dayanıqlı inkişaf modelinin formalaşdırılmasına xidmət edir.
Xüsusilə Prezident İlham Əliyevin BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax ilə görüşü zamanı müzakirə olunan məsələlər də Azərbaycanın şəhərsalma sahəsində artan beynəlxalq nüfuzunun göstəricisi hesab olunur.
Sözsüz ki, bu xüsusda Dünya Şəhərsalma Forumunun (WUF13) Bakıda keçirilməsi ilə bağlı verilən tarixi qərar da mühüm əhəmiyyət kəsb edir. Azərbaycan artıq beynəlxalq şəhərsalma gündəliyinin formalaşdırılmasında iştirak edən, urbanizasiya siyasətinə töhfə verən və innovativ idarəetmə modelləri təqdim edən dövlətlər sırasındadır.
Prezident çıxışında vurğuladı ki, COP29-dan sonra Azərbaycanda keçirilən ən böyük ikinci beynəlxalq tədbir məhz WUF13-dür. Dövlət başçısı qeyd etdi ki, forum çərçivəsində rekord sayda iştirakçının Bakıda bir araya gəlməsi Azərbaycanın beynəlxalq nüfuzunun artdığını və qlobal dialoq məkanına çevrildiyini nümayiş etdirir.
Prezident diqqətə çatdırdı ki, forum iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri xüsusi əhəmiyyət daşıyır. Çünki həmin torpaqlarda illərlə törədilmiş dağıntıları, vandalizmi və mədəni irsə qarşı sərgilənmiş barbar münasibəti canlı şahidliklə görmək mümkündür. Ağdam, Füzuli və digər qədim yaşayış məskənləri illər boyu sistemli şəkildə viran qoyulub.
Vaxtilə həyatın, mədəniyyətin və memarlıq zövqünün harmoniyasını yaşadan şəhərlər dağıdılıb xarabalığa çevrilib, hətta əsrlərin yaddaşını yaşadan müqəddəs tarixi ibadətgahlar belə məhv edilib. Xirosimanı xatırladan bu ağır mənzərə milli kimliyə və mədəni irsə qarşı törədilmiş vandalizmin dəhşətli miqyasını açıq şəkildə nümayiş etdirir.
Azərbaycanın şəhərsalma siyasətində diqqət çəkən mühüm məqamlardan biri də milli-mənəvi dəyərlərlə müasir urbanizasiya prinsiplərinin vəhdətinin qorunmasıdır.
Şuşanın tarixi-mədəni simasının bərpası, Ağdam şəhərinin yeni baş plan əsasında yenidən qurulması, Zəngilan və Füzulidə həyata keçirilən “ağıllı kənd” layihələri göstərir ki, Azərbaycan öz milli irsini qorumaqla yanaşı, müasir texnologiyaları və beynəlxalq standartları uğurla tətbiq edir. Bu yanaşma həm milli kimliyin qorunmasına, həm də müasir və rahat yaşayış mühitinin formalaşdırılmasına xidmət edir.






