Efiopiyada iqlim dəyişikliyinin yaratdığı fəlakətlər təxminən 4 milyon insanı ərzaq böhranı ilə üz-üzə qoyub. Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Efiopiya Rezident Əlaqələndirmə Ofisi və Efiopiya Fəlakət Riskinin İdarə Edilməsi Komissiyası Efiopiyadakı ərzaq böhranı ilə bağlı birgə bəyanat yayıb.
Açıqlamada, yağıntıların qeyri-kafi olmasının qida böhranına səbəb olduğu bildirilib və Efiopiyanın dünyanın ən ağır qida böhranı ilə üzləşdiyi vurğulanıb.
Bəyanatda ölkədə baş verən humanitar böhranın təcili həll edilməli olduğu bildirilib və 2022-ci ildə təkrarlanan quraqlıq hallarının Afar, Amhara, Tiqray, Oromiya, Cənub və Cənub-Qərb bölgələrini təsir altına almaqda davam etdiyi qeyd edilib.
Açıqlamada, iqlim dəyişikliyinin kənd təsərrüfatı fəaliyyətlərinə mənfi təsirinin qidaya çıxışı xeyli çətinləşdirdiyi bildirilib.
Qida yardımı 2023-cü ilin aprelində dayandırıldı
ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı (WFP) münaqişədən ən çox təsirlənən Efiopiyanın Tiqray bölgəsinə göndərilən yardımın əhəmiyyətli hissəsinin yönəldildiyi iddialarından sonra 2023-cü ilin aprelində ərzaq yardımını dayandırıb.
USAID, milyonlarla insanın yardıma ehtiyacı olduğu Tigraya göndərilən BMT yardımının oğurlanaraq bazarlarda satıldığını bildirən hesabat dərc etmişdi.