Orta Dəhlizin potensialının artırılması ölkələrin iqtisadi artımının stimullaşdırılması və regional əməkdaşlığın gücləndirilməsi üçün vacibdir.
Bunu iqtisadçı ekspert Uluqbek Kamaletdinov bildirib.
“Bu dəhlizin imkanlarının genişləndirilməsi xüsusilə müharibə, sanksiyalar və Çindən gələn ənənəvi nəqliyyat marşrutlarına alternativlik kontekstində onun rəqabət qabiliyyətini artırır. Bundan başqa, dəhlizin keçdiyi ölkələrdə infrastrukturun inkişafı təkcə nəqliyyat imkanlarını yaxşılaşdırmır, həm də həmin dövlətlərin iqtisadiyyatlarının inkişafına, regionda iş yerlərinin yaradılmasına və həyat səviyyəsinin yüksəldilməsinə töhfə verir”, – o vurğulayıb.
Ekspert xatırladıb ki, ötən ilin oktyabrında Çin sədri Si Cinpin ölkəsinin “Bir kəmər, bir yol” təşəbbüsündə iştirak edən dövlətlər arasında əməkdaşlığı gücləndirmək üçün Orta Dəhlizinin inkişafı üzrə tədbirləri açıqlayıb: “Beləliklə, təchizat zəncirlərinin təkmilləşdirilməsi şirkətlərin, investisiyaların cəlb edilməsinə və beynəlxalq ticarətin inkişafına kömək edəcək. Bu məqsədlə regionda nəqliyyat infrastrukturu, o cümlədən avtomobil və dəmir yolları, dəniz və hava limanları, logistika mərkəzləri inkişaf etdirilməli və modernləşdirilməlidir”.
İqtisadçı qeyd edib ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) rəqəmsallaşdırılması layihənin səmərəliliyinin və rəqabət qabiliyyətinin yüksəldilməsi üçün böyük əhəmiyyət kəsb edir: “Bu, yükdaşımalarını sürətləndirməyə, proseslərin şəffaflığını və təhlükəsizliyini yaxşılaşdırmağa və xərcləri azaltmağa kömək edəcək. Hesab edirəm ki, bu, müasir reallıqlarda mühüm addımdır. Belə ki, müasir dövrdə rəqəmsal texnologiyalardan istifadə nəqliyyat infrastrukturunun inkişafında əsas rol oynayır”.
O vurğulayıb ki, bu istiqamətdə rəqəmsallaşma TBNM üzrə yüklərin daşınması, o cümlədən elektron sənədləşmənin dövriyyəsi, yüklərin izlənilməsi, məlumat mübadiləsi və proseslərin monitorinqi ilə bağlı prosesləri avtomatlaşdıracaq və sadələşdirəcək: “Bununla yüklər, marşrutlar və logistik əməliyyatlar haqqında məlumatların toplanması və təhlili asanlaşacaq. Əlbəttə ki, bu, yükdaşımalarının planlaşdırılması və idarə edilməsini optimallaşdıracaq, tələbatın proqnozlaşdırılmasını təkmilləşdirəcək, xərcləri azaldacaq və logistika proseslərinin səmərəliliyini artıracaq. Amma rəqəmsal həllərin tətbiqi zamanı kibertəhlükəsizlik, fərdi məlumatların qorunması və standartlaşdırma kimi aspektləri nəzərə almaq lazımdır. Odur ki, TBNM-də rəqəmsal sistemlərin təhlükəsizliyini və etibarlılığını təmin etmək üçün müvafiq tədbirlər həyata keçirilməlidir”.