Gənclərin Sosial İnkişafına Dəstək İctimai Birliyi “Gənclər üçün rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verib.
İnterpress.az xəbər verir ki, layihənin çərçivəsində ilk təlimlər 17-18 iyun 2024-cü il tarixlərində Astara rayonunda baş tutub.
Layihənin ilk günü gənclər tanışlıq, müxtəlif komanda quruculuğu oyunlarında iştirak edib, akademik məlumat bazaları, onlayn kitabxanalar eyni zamanda onlayn öyrənmə platformalarından səmərəli istifadəyə yönəlmiş təlim sessiyasında iştirak ediblər.
Təlimlərin ikinci günü gənclər effektiv rəqəmsal tədris alətləri, onlayn araşdırma metodlarını öyrənmiş, komanda şəklində hazırladıqları tapşırıqları sosial media hesablarında paylaşıblar.
Layihənin əsas məqsədi regionlarda yaşayan gənclərə texnologiyanın sürətlə inkişaf etdiyi dünyada rəqəmsal öyrənmə metodlarından düzgün istifadəsini öyrətmək, əsas rəqəmsal bacarıqlara yiyələnmələrinə kömək etməkdir.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.