“TeamPCP” qruplaşması GitHub-a hücum edib və 4000 özəl repozitoriya oğurlanıb.
İnterpress.az xəbər verir ki, bu barədə “BleepingComputer” məlumat yayıb.
Dünyanın ən böyük proqramlaşdırma platformalarından olan GitHub kiberhücuma məruz qalıb.
“TeamPCP” adlı haker qruplaşması platformanın 4000-ə yaxın özəl (privat) repozitoriyasını ələ keçirib.
Məlumata görə, hakerlər hücumu əməkdaşlardan birinin fərdi kompüterinə yüklədiyi “VS Code” üçün zərərli proqram təminatı (əlavə) vasitəsilə həyata keçirib.
“TeamPCP” qruplaşması daha əvvəl “Trivy”, “Checkmarx” və “LiteLLM” kimi platformaları sındırması ilə tanınır.
GitHub rəhbərliyi daxili repozitoriyalardan məlumat sızmasını təsdiqləyib. Platforma rəsmiləri bildirib ki, müştərilərin məlumatları hələlik təhlükə altına düşməyib, köhnə təhlükəsizlik açarları isə artıq yenilənib.
Bununla belə, “Binance” birjasının keçmiş rəhbəri CZ istifadəçilərə bütün “API” açarlarını və tokenlərini təcili şəkildə yeniləməyi məsləhət görüb.
Hakerlər oğurlanmış məlumatlar üçün 50 min dollar (təxminən 85 min manat) tələb edir.
Onlar bildiriblər ki, əgər iyunun sonunadək məlumatlar satılmasa, bütün fayllar geniş ictimaiyyət üçün açıq şəkildə yayımlanacaq.
Xuraman Etibarlı
İnterpress.az






