Haitidə dəstələrin həbsxanaya silahlı hücumu nəticəsində 3600 məhbus qaçıb, 12 məhbus həyatını itirib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Paytaxt Port-au-Prinsdəki Croix des Bouquets həbsxanasına basqın edən silahlı dəstələr təhlükəsizlik qüvvələri ilə toqquşub.
Münaqişə zamanı 3600 məhbus həbsxanadan qaçıb, 12 nəfər həyatını itirib.
Haiti hökumətindən verilən açıqlamada cinayət təşkilatlarının səhər saatlarında həbsxanaya hücum etdiyi və polisin müqaviməti nəticəsində silahlı şəxslərin ərazidən qaçdığı bildirilib.
Digər tərəfdən dəstələrin basqın etdiyi həbsxanada 17 Kolumbiya vətəndaşının olduğu və Kolumbiya hökumətinin Haiti səlahiyyətliləri ilə əlaqə saxladığı paylaşılıb.
Bölgə mətbuatının məlumatına görə, son 3 gündə baş verən hücumlarda 4 polis əməkdaşının ölümü ilə yanaşı, onlarla insan da yaralanıb.
Baş nazir Ariel Henrinin istefası tələbi ilə bir müddətdir etiraz aksiyası keçirən minlərlə insan tez-tez polislə qarşılaşır.