Heydər Əliyevin adı və irsi Azərbaycan üçün əbədidir – Tənzilə Rüstəmxanlı yazırbackend

Heydər Əliyevin adı və irsi Azərbaycan üçün əbədidir – Tənzilə Rüstəmxanlı yazır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

12 dekabr Ümummilli Lider, dahi şəxsiyyət, müstəqil Azərbaycanın banisi Heydər Əliyevin anım günüdür. Ulu Öndər istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycanın tərəqqisi naminə çalışıb, ömrünü xalqın rifahının yaxşılaşmasına həsr edib.

media-d4fba850_6132_4cb3_b6f4_35a74d979e54_1761911289

Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə xalqın min illərlə arzusunda olduğu niyyətlər gerçəyə çevrilib, Azərbaycan müstəqilliyə qovuşub.

Dünya siyasətinin nəhənglərindən sayılan Heydər Əliyev xalqının xilaskarı missiyası ilə Tanrı və zaman tərəfindən Azərbaycanın taleyinə bəxş edilmiş və bu qürurlu taleyin zirvəsini müəyyən etmiş nadir şəxsiyyətlərdən biridir.

Bu dahi insanın Azərbaycan xalqının qan və qəlb yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalması heç şübhəsiz ki, təsadüfi deyildir. Xalqının taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq gerçəkdən mümkünsüzdür.

Elə bu səbəbdəndir ki, Heydər Əliyevi tanıdığımız gündən ona ən böyük azərbaycanlı demişik.

Ulu Öndər tərəfindən müəyyənləşdirilmiş siyasi kursda milli maraqlarımız hər şeydən üstün dayanırdı. Müharibənin davam etdiyi günlərdə Ermənistan rəhbərliyinin, erməni lobbisinin və diasporunun cəhdlərinə baxmayaraq, heç bir dövlət, beynəlxalq təşkilat Azərbaycana qarşı hər hansı addım atmadı, Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu bəyan edildi.

Məhz Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynayıb və onu dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevirib.

Heydər Əliyev dövlət başçısı və siyasi xadim kimi beynəlxalq vəziyyəti düzgün təhlil edərək, Azərbaycan dövlətinin müstəqilliyinin qorunması və inkişafı yolunda müstəqil siyasət apararaq xalqı öz ətrafında birləşdirməyi bacarıb.

Bu gün Azərbaycanın qazandığı nailiyyətlər, müstəqilliyimizin qorunub saxlanılması, dövlətçiliyimizin inkişafı Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında hazırlanan, ölkəmizin milli maraqlarına söykənən dövlət quruculuğu kursuna əsaslanır: Qısa zaman kəsiyində iqtisadi, mədəni, sosial və hərbi-siyasi sahələrdə qazanılan uğurlar ilk növbədə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı inamla yeni-yeni zəfərlərə doğru aparır. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi ədalət bərpa edilib, işğal altında olan torpaqlarımız azad olunub, Zəfər salnaməsi tarixdə layiqli yerini alıb.

Bütün nailiyyətlərin təməlində isə Heydər Əliyev siyasəti dayanır. Müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin adı Azərbaycanın özü qədər əbədi olacaq, onun parlaq ideyaları gələcəyimizə daim nur saçacaq.