“Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır!” – bu amalla yaşadı, bu amalla mübarizə apardı Ümummilli lider. Sanki Azərbaycanın güclü dövlət kimi təməlinin qoyulması, inkişafının təmin edilməsi məhz Onun taleyinə yazılmışdı. Uzaqgörən lider hələ Sovet Azərbaycanına rəhbərlik edərkən Vətənimizin gələcək müstəqilliyini düşünürdü. Təsadüfi deyil ki, bu illərdə sosial-iqtisadi, milli-mənəvi dirçəliş məhz Ulu Öndərin adı ilə bağlıdır.
Bu gün Azərbaycanın hərtərəfli inkişafı məhz Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasətin nəticəsidir.1993-cü ildə Xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev dağılmış iqtisadiyyat, işğal olunmuş torpaqlar, milyonlarla köçkün, pərakəndə silahlı dəstələr – bir sözlə ağır böhran şəraitində olan Azərbaycanla qarşılaşdı. Uzaqgörən siyasətçi isə bu vəziyyətdə olan və hər şeyindən çox sevdiyi Azərbaycanını yalnız qoymadı.
“Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir”- deyirdi Ulu Öndər. O yenidən Azərbaycan rəhbərliyinə qayıtdıqdan sonra öz xəyallarında qurduğu müstəqil Azərbaycanı yaratmağa başladı.
Siyasi və dövlət xadimi, sağlığında canlı əfsanəyə çevrilmiş fenomen şəxsiyyət kimi tanınan Azərbaycana rəhbərliyinin birinci dövründə Azərbaycanı iqtisadi tənəzzüldən xilas edən dahi şəxsiyyət Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə də siyasi bacarığı, müdrikliyi ilə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas etdi, milli təfəkkürü formalaşdırdı, güclü şəxsiyyət kimi xalqını vahid məfkurə ətrafında birləşdirərək sabaha inam hissini artırdı. Ölkədə siyasi sabitliyi, demokratik islahatları təmin etdi, dövləti etibarlı əllərə tapşırdı. Azərbaycançılıq ideyasını milli –mənəvi dəyərlərimizi qoruyub təbliğ etməklə təkmilləşdirdi, Azərbaycanın müasir dünyada mövqeyini və yerini möhkəmləndirdi. İqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhranla üzləşən respublikanı yaranmış ağır vəziyyətdən qurtarmaq üçün çıxış yolu tapan, iqtisadi inkişafın prinsipial, konseptual yanaşma yollarını müəyyənləşdirən ulu öndər Heydər Əliyev əmin idi ki, millətin siyasi müstəqilliyinin özülünü onun iqtisadi cəhətdən azadlığı şərtləndirir. İctimai-siyasi həyatın bütün sahələrində qazanılan uğurlar milli tərəqqimizi təmin etməklə yanaşı, dövlətimizin beynəlxalq aləmdə nüfuzunu da artırır, onu dünya birliyinin etibarlı tərəfdaşına çevirir. Bütün bu uğurların mənbəyində Heydər Əliyevin müdrik siyasəti dayanır.
Milli ideologiyanın yaradılması, Ulu öndərin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada yerini müəyyən etdi, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratdı. Azərbaycan ziyalısını düşündürən milli dirçəliş problemləri bütöv şəkildə Heydər Əliyevin həmin illərdəki fəaliyyəti ilə strateji dövlət siyasətinə, elmdən, sosiologiyadan və fəlsəfədən əməli siyasət müstəvisinə keçdi. Azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi.
Təbii ki, Heydər Əliyev yolunun Azərbaycana qazandırdığı uğurları qısa bir yazı çərçivəsində əhatə etmək qeyri-mümkündür. Bu yol Azərbaycanın bugünkü reallıqlarıdır. O reallıqlar ki, Azərbaycan bu gün regionun aparıcı qüvvəsi, dünya birliyinin fəal üzvüdür. Azərbaycan bu gerçəkliklərə əsaslanaraq yeni-yeni hədəflərə doğru inamla addımlayır. Şübhəsiz ki, Heydər Əliyevin xalqımız qarşısında xidmətlərini sonadək öyrənmək də qeyri-mümkündür. Ulu Öndərimizin böyüklüyü, onun xalqımızın rifahı naminə həyata keçirdiyi mühüm tədbirlərin mahiyyətini tam dərk etmək üçün böyük zaman tələb olunur. Zaman keçdikcə isə bu dahi insanın adı Azərbaycan xalqının simvoluna, əməlləri isə hünər rəmzinə çevrilir.
Ümummili Lider yeni, müasir Azərbaycanı qurdu.
O, “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” fikirləri ilə xalqına, dövlətinə bağlılığını ifadə etdi. Onun düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanın gələcəyi üçün möhkəm baza formalaşdı ki, son 20 ildə bu siyasi kursun möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan ən yüksək zirvələri fəth edir.Ulu Öndərin Vətəni və xalqı qarşısında müstəsna xidmətlərindən biri məhz İlham Əliyev kimi oğul yetişdirməsidir. Fotoların birində ata və oğul yanaşı dayanaraq uzaq üfüqlərə baxırlar. İllər arxasından sanki bugünkü modern, dinamik inkişaf edən, ərazi bütövlüyünü bərpa etməyə nail olan Azərbaycanı görürlər. Ata vəsiyyəti ilə başlanan Zəfər yolu nəticəsində 30 il müddətində işğal altında olan torpaqlarımız azad olundu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi.
Məni tanıyanlar bilirlər inanmadığım, güvənmədiyim heç bir şey hakkında tərif deməm və yazmam,düz 30 il bundan öncə də Ulu Öndərə güvənmişəm və onun apardığı siyasəti dəstəkləmişəm,bu gün də eyni düşüncədəyəm,zamana və məkama görə insanlar hakkında fikrim dəyişmədi. O zaman Heydər Əliyev haklıydı və hakkın yanındaydı,biz də haklının yanında durmuşduq.Ruhun şad olsun, ULU ÖNDƏR ! Amalınız, istəyiniz, vəsiyyətiniz yerinə yetirildi.
Tənzilə Rüstəmxanlı
Azərbaycan Türk Qadınlar Birliyinin və Azərbaycan-Türkiyə Evinin sədri