Hollandiyanın inzibati paytaxtı Haaqada uşaqlar və onların ailələri Fələstinə dəstək olmaq və Qəzzada törədilən cinayətləri araşdırmaq üçün Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) binasına yürüş ediblər. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Haaqa qatar stansiyasında toplaşan nümayişçilər “Uşaq marşı” adlandırdıqları tədbir boyunca tez-tez “İCC işinizi edin”, “Fələstini azad edin”, “Çaydan dənizə Fələstini azad edin” və “İndi atəşkəs” kimi şüarlar səsləndiriblər.
Nümayişçilər əllərində “Qətlə yetirilən 9 min fələstinli uşağa ədalət”, “Azad Fələstin”, “Uşaqları öldürməyə son”, “Soyqırımı dayandırın”, “Fələstinli uşaqları qoruyun” yazılı plakatlar və Fələstin bayraqları qaldırıblar.
Nümayişin təşkilatçılarından biri olan Əndəlus Fondunun prezidenti Bilal Riani Qəzzada baş verənlərin müharibə deyil, soyqırım olduğunu bildirib.
Uşaqların müharibənin bir parçası olmayacağı qeyd edilib və bildirilib ki, 9 min uşağın ölümünə səbəb olan müharibə ola bilməz, bu soyqırımdır. BCM məsuliyyəti üzərinə götürməli və hərəkətə keçməlidir.