Husi qiyamçılarının nəzarəti altında olan Yəmən sahillərindən atılan raket Norveçin kimyəvi maddə daşıyan tankerinə düşüb.
İnterpress.az BBC-yə istinadən xəbər verir ki, bu barədə ABŞ ordusu açıqlama yayıb.
Bildirilib ki, husilərin atdığı gəmi əleyhinə raketin tankerə düşməsi nəticəsində xəsarət alan olmayıb. Bununla belə gəminin zədələndiyi və yanğının olduğu qeyd edilib.
Məlumata görə, Norveç bayrağı altında üzən “Strinda” kimyəvi tankerinin sahibi “Mowinckel Chemical Tankers” şirkətidir.
Bildirilib ki, hücum zamanı yaxınlıqda heç bir ABŞ gəmisi olmayıb. ABŞ Hərbi Dəniz Qüvvələrinin “Mason” esminesi tankerin həyəcan siqnalına cavab verib, yardım göstərib. Hücuma görə məsuliyyəti hələ ki heç bir qrup öz üzərinə götürməsə də, hadisənin husilərlə əlaqəli olduğu bildirilib.
Məlumata görə, hadisə Qırmızı dənizlə Ədən körfəzinin birləşdiyi yerdə, Bab-əl-Məndəb boğazından 111 km şimalda baş verib.