İctimai nəqliyyatda da qiymət artımı gözlənilirbackend

İctimai nəqliyyatda da qiymət artımı gözlənilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son bir neçə həftədir ki, Azərbaycanı bahalaşma dalğası bürüyüb. Enerjidaşıyıcıların qiyməti qalxıb, minik avtomobilinin mühərrikinin həcminə görə yeni dövlət rüsumları təklif olunub, ümumilikdə 266 dövlət rüsumunun dəyişdirilməsinə qərar verilib, ərzaq da günü-gündən bahalaşmaqdadır. Maraqlıdır, belə olan halda ictimai nəqliyyatda qiymət artımı gözlənilirmi?

“Yeni Sabah” xxəbər verir ki, iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, böyük ehtimalla ictimai nəqliyyatda da bahalaşma olacaq. Yəqin ki, cari ilin sonunadək biz bunu görə biləcəyik. Çünki metropoliten rəsmiləri də sərnişindaşımanın maya dəyərinin yüksəldiyi ilə bağlı məlumatlar açıqlayıblar.

“Gələn ildən metropoliten üçün ayrılan subsidiyaların azaldılması nəzərdə tutulub. Bunu nəzərə alaraq, deyə bilərik ki, bahalaşmanın olması gözləniləndir. Təbii ki, metropolitendə qiymət artımı olsa, yerüstü nəqliyyatda da sərnişindaşımada bahalaşmanı görə biləcəyik”, – Cəfərli deyib.

O, əlavə edib ki, Azərbaycanda gediş haqları ilə bağlı konsepsiyanın hazırlanmasına ehtiyac var: “Bütün nəqliyyat növü üzrə eyni kartdan istifadəyə keçirilməlidir. Lakin hələ də bununla bağlı problemlər var. Bundan başqa, gediş haqları həftəlik, aylıq, yarımillik, yaxud da illik olaraq diferensiallaşmalıdır. Həssas qruplar var, tələbələr, təqaüdçülərlə bağlı ayrıca bir gediş haqqı konsepsiyası hazırlamaq daha düzgün olar. Yəni birdən-birə bütün gediş haqlarının artırılmasındansa, digər ölkələrdə olan diferensial yanaşmaya daha çox ehtiyac var”.

İqtisadçı Fuad İbrahimlinin sözlərinə görə, bütün sahələrdə bahalaşma müşahidə olunur. O bildirir ki, ictimai nəqliyyatda bahalaşma isə daha çox həmin nəqliyyat vasitələrinin hansı enerji ilə təchiz olunması ilə bağlıdır. O deyir ki, Azərbaycanda enerji daşıyıcılarının qiymətində müəyyən artım olduğundan artıq ictimai nəqliyyatda da artım gözləniləndir. Ekspert bildirir ki, bütün bunlar onu deməyə əsas verir ki, ictimai nəqliyyatda ən azı 5 qəpik artım proqnozlaşdırmaq mümkündür.