Astronomlar Yerdən 3,8 milyard işıq ili uzaqlıqda yerləşən SDSS J1531 kimi tanınan qalaktika klasterində indiyədək qeydə alınmış ən güclü qara dəlik partlayışlarından birini aşkar ediblər.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
ABŞ Milli Aeronavtika və Kosmos Agentliyindən (NASA) verilən yazılı açıqlamaya görə, astronomlar müşahidələrində Chandra X-ray Rəsədxanası və Aşağı Tezlik Dizisi (LOFAR) daxil olmaqla müxtəlif teleskoplardan istifadə ediblər.
Astronomlar milyardlarla il əvvəl qeydə alınmış ən böyük qara dəlik partlayışlarından birini Yerdən 3,8 milyard işıq ili uzaqlıqda yüzlərlə qalaktikadan ibarət nəhəng qalaktika klasteri olan SDSS J1531-də müşahidə ediblər.
Astronomlar partlayışın qalaktika klasterindəki qalaktikalardan birinin mərkəzindəki superkütləli qara dəliyin səbəb olduğunu qiymətləndirərək, partlayış nəticəsində nəhəng bir boşluğun əmələ gəldiyini müəyyən ediblər.
Araşdırmaya rəhbərlik edən Harvard-Smithsonian Astrofizika Mərkəzindən Osase Omoruyi deyib: “Biz bu böyük partlayış üçün sübutlarımızın güclü olduğunu düşünürük, lakin Chandra və LOFAR ilə əlavə müşahidələr bunu təsdiqləyəcək”.
Omoruyi qeyd edib ki, onlar artıq aşkarladıqları boşluğun mənşəyi haqqında daha çox məlumat əldə etməyə və qara dəliyin digər tərəfində meydana gəlməsi proqnozlaşdırılan boşluğu tapmağa ümid edirlər.
Araşdırmanın nəticələri “The Astrophysical Journal”da dərc olunub.