İordaniya İsrailin hücumları başladığı 7 oktyabrdan bəri Qəzza zolağına 17 yardım təyyarəsi göndərib. Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir. İordaniya Haşimi Xeyriyyə Fondundan verilən yazılı açıqlamada Qəzzaya göndərilən yardım təyyarələrində tibbi ləvazimat, dərman, qida, uşaq qidası və paltar kimi ehtiyacların daşındığı bildirilib.
Bildirilib ki, Misirin Rəfah Sərhəd Qapısından Qəzza zolağına qədər Misir Qızıl Aypara Cəmiyyətinə çatdırılan yardımlar Fələstin Qızıl Aypara Cəmiyyəti və BMT-nin Yaxın Şərq Fələstinli Qaçqınlara Yardım və İşlər İdarəsi vasitəsilə bölgədəki lazımlı yerlərə çatdırılıb.
Açıqlamada Qəzza zolağına yardım təyyarələri ilə yanaşı, 286 ton ərzaq, hazır yemək, humanitar yardım və geyim daşıyan yük maşınlarının da göndərildiyi vurğulanıb.
İordaniya ordusundan verilən açıqlamada tibbi ləvazimat və dərmanların Qəzza zolağının Xan Yunis şəhərindəki İordaniya Sahə Xəstəxanasına hava yolu ilə çatdırıldığı və bunun dördüncü endirmə olduğu bildirilib.