İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan misirli həmkarı Samih Şükri ilə Tehran-Qahirə əlaqələrinin normallaşması üçün lazımi addımların atılmasında razılaşdıqlarını bəyan edib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
İran dövlət televiziyasının xəbərinə görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Şurasının İsveçrənin Cenevrə şəhərində keçirilən 55-ci Sessiyasına qatılan Abdullahiyan iclaslar kənarında Misirin xarici işlər naziri Şükri ilə görüşüb.
Abdullahiyan görüşün məzmunu ilə bağlı məlumat verib: “Misirli həmkarımla İranın Qəzzəyə verdiyi yardımların çatdırılması, Qəzzada humanitar məsələlərə xüsusi diqqət yetirilməsi, mövcud müharibə və soyqırımın siyasi həlli ilə bağlı mühüm müzakirələr apardıq”.
Şükri ilə Tehran-Qahirə əlaqələrinin normallaşması üçün lazımi addımların atılmasında razılaşdıqlarını ifadə edən Abdullahiyan da deyib ki, işlər yaxşı istiqamətdə gedir: “İnşallah, daha da irəliyə apara bilərik. Yaxın zamanda addımlar atılacaq”.
İran və Misir arasında diplomatik əlaqələr 1979-cu ildə Qahirənin İranın devrilmiş şahı Məhəmməd Rza Pəhləviyə sığınacaq verməsindən və İsraillə Kemp Devid Sülh Müqaviləsini imzaladıqdan sonra kəsilib.
O vaxtdan bəri iki ölkə arasında münasibətlər ümumiyyətlə aşağı səviyyədə qalıb.
İki ölkə arasında 11 ildən sonra prezidentlər səviyyəsində keçirilən ilk görüşdə İran prezidenti İbrahim Rəisi və misirli həmkarı Əbdülfəttah əs-Sisi 2023-cü il noyabrın 11-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda görüşüblər.