“İrşad” Telekoma qarşı ittiham: “Servisdə telefonu qəsdən əyirlər” – FOTOFAKTbackend

“İrşad” Telekoma qarşı ittiham: “Servisdə telefonu qəsdən əyirlər” – FOTOFAKT  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, “İrşad” Telekomun müştərisi Abbasov Adil Musavat.com-a şikayət edərək aldadıldığını deyib.

O bildirib ki, şirkət xarab telefonu təmir etməkdən imtina edib: “Samsung A32” mobil telefonu almışam. Dörd ay deyil ki, heç işlədirdim, amma telefon yanıb-sönür, fərli işləmir. Telefon yerə düşməyib, heç bir zədə almayıb. Bundan əvvəl də buradan telefon almışdım, tez xarab olmuşdu. Bu dəfə telefonu “İrşad” Telekomun təmir xidmətinə apardım, çünki telefonun bir illik zəmanəti var. Onlar da məndən aldılar, dedilər düzəldəcəyik. Telefonu normal şəkildə təhvil alıb sonra zəng vurub dedilər ki, gəlin telefonunuzu aparın, düzəlmir. Akta da yazıblar ki, telefon əyridir. Yaxşı əyri idisə, telefonu niyə qəbul etdiniz. Üç gün telefonu saxlayıb, indi də deyirlər əyridir. Telefonu normal şəkildə alıb, əyri qaytarırlar. Bu artıq ikinci telefondur ki, götürmürlər ki, siz xarab etmisiniz. Yaxşı, bəs o bir illik zəmanət nədən ötrüdür?! Adamı niyə aldadırsınız, xarab telefonu satırlar, bir il zəmanət deyirlər, sonra da məlum olur ki, zəmanət də yalandır, yalnız kağız üzərindədir. Bundan əlavə əməkdaşları müştəri ilə çox kobud şəkildə danışırlar. İstər mağazadakı, istərsə də qaynar xətdə telefonlara cavab verən operatorlar. Qısa konkret “gedin kimə şikayət edirsiniz edin” deyirlər”.

Qeyd edək ki, “İrşad” Telekomla bağlı redaksiyamıza artıq bir neçə dəfə şikayət daxil olub.

“İrşad” Telekomla əlaqə saxlayıb, məsələni aydınlaşdırmağa çalışdıq.

Şirkətin rəsmisi bizimlə söhbətdə bunları bildirdi: “Məhsul alınan zaman zəmanət talonu verilir. Yalnız 14 gün ərzində dəyişdirilə, qaytarıla bilər. Əgər əmtəə görünüşündə heç bir zədə dəyməyibsə. Əgər vətəndaşa bizim əməkdaşlar tərəfindən məlumat verilibsə, düzgün məlumat verilib. Başqa kömək edə bilmərik”.

Bəs “bir il zəmanət nə zaman keçərlidir” sualına isə “İrşad” Telekomun rəsmisi belə cavab verib: “Bir il zəmanət yalnız istehsalçı tərəfindən olan qüsurları qarşılayır. Vətəndaş telefonu əlindən salıb sındırıbsa, buna baxılmır”.

Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovla danışdıq.

O, “Yeni Müsavat”a bildiridi ki, son günlər “İrşad” Telekomla bağlı narazı olanların sayı artıb: “Son beş ildir, mürəkkəb cihaz satan firmalardan şikayətlər yağış kimi gəlir. Mürəkkəb cihaz satan firmalar sanki istehlakçıları aldatmaq üçün bir-biri ilə yarışırlar. Vətəndaşlar bu şirkətlərdən malı alır, ondan sonra qapılar bağlanır. Burada da qanunda nəzərdə tutulmayan bir məqamdan istifadə edirlər. İnsanları özlərinə aid olan servisə göndərirlər. İnsanlar malı dəyişmək istədikdə onlara aid olan servisə göndərir.

Bundan sonra iki hal baş verir. Servis son bir aya kimi telefona gözlə görünməyəcək bir cız çəkir. Elə şikayət olub ki, istehlakçı telefonu alıb, bir saat sonra proqram təminatı işləməyib. Ya deyirlər cız çəkmisən, ya deyirlər əyridir. Bizə müraciət edirlər, məsələni həll edə bilməyəndə insanları göndəririk vətəndaşların hüquqlarını müdafiə etməli olan İqtisadiyyat Nazirliyinə. Nazirlik isə həmin müraciəti həmin servisə yönəldir, servisdən vətəndaşa yönələn həmin cavab təkrar nazirliyə göndərilir. Nazirlik də o cavabı təzədən istehlakçıya və bizə göndərir. Nə araşdırma aparılır, nə də ekspertizaya göndərilir. Bir sözlə, istehlakçılara kütləvi böhtan atılır, xarab mallar satılır. Bunun da səbəblərindən biri odur ki, bizneslə məşğul insanların hamısı dövlət qurumlarında çalışır. Bu problemdir. İstehlakçının ona hüququ var. Əyilib, cız çəkilib, suya salınıb demələri istehlakçını aldatmaqdan başqa bir şey deyil. Bir sözlə, pulunu ver mənə, itil cəhənnəmə” deyimi kimi”. (musavat.com)